Britaniya bu gün Ukraynada uşaqlara barbar rəftara görə Rusiyaya yeni sanksiya elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yeni sanksiyalarda Ukraynaya hərbi təcavüzü açıq şəkildə dəstəkləyən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də yer alıb.
“Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova ukraynalı uşaqların zorla çıxarılması və övladlığa götürülməsinə görə sanksiyaya məruz qalıb. Lvova-Belova 2000 ukraynalı uşağın Luqansk və Donetsk vilayətlərindən zorla çıxarılmasına şərait yaradıb və onların Rusiyada məcburi övladlığa götürülməsini asanlaşdırmağa çalışıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Putinin müttəfiqləri, ordu rəhbərləri, Rusiya və Myanmadan olan silah tacirlərinə qarşı da sanksiyalar tətbiq edilib. Məsələn, Moskva Şəhər Dumasının deputatı Sergey Savostyanov, Rusiyanın “Volqa-Dnepr” şirkətlər qrupunun prezidenti və idarə heyətinin üzvü Aleksey İsaykin də sanksiya siyahısında yer alıb.