Böyük Britaniya Baş nazirinin ticarət elçisi Böyük Britaniya ilə
Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30-cu
ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün
Bakıda səfərdədir.
Trend xəbər verir ki, Baronessa Nikolson, Böyük Britaniya ilə
Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümünü qeyd etmək və iki ölkə arasında ticarət əlaqələrini
genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində
Azərbaycana üç günlük səfər edib. Bu, Baronessa Nikolsonun
Azərbaycana etdiyi 9-cu səfəridir.
Martın 9-dan etibarən başlayan səfərin əsas diqqəti geri
qaytarılmış ərazilərin yenidən qurulmasında gələcək kommersiya
imkanlarının araşdırılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdə
Böyük Britaniyanın potensialının təşviqinə yönəldiləcək. Səfər
martın 11-də ikitərəfli münasibətlərin 30 illik yubileyini qeyd
etmək məqsədilə britaniyalı memar Zaha Hadidin Bakıda
layihələşdirdiyi dünyaca məşhur Heydər Əliyev Mərkəzində təşkil
olunan təntənəli mərasimlə başa çatacaq.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Emma Nikolson bir sıra yüksək səviyyəli rəsmilərlə
görüşəcək. Görüşlərin əsas müzakirə mövzusu alternativ enerji
mənbələri daxil olmaqla regional eneji təhlükəsizliyi, iqlim
dəyişmələrilə mübarizə, qaytarılmış ərazilərin minalardan
təmizlənməsinə Böyük Britaniyanın dəstəyi və bu ərazilərdə
kommersiya imkanlarının daha da genişləndirilməsi olacaqdır.
Baronessa Nikolson yeni təsis edilmiş Britaniyanın Azərbaycandakı
Ticarət Palatası, Fintech, İKT və gəmiçilik sahələrində Britaniya
şirkətləri və tərəfdaşlarla görüşəcək.Baronessa ADA universitetini
və Heydər Əliyev Fondu və BP-nin dəstəklədiyi “Birgə və Sağlam”
autizm mərkəzini də ziyarət edəcək.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Emma Nikolson səfəri öncəsi paylaşdığı fikirlərdə
aşağıdakıları qeyd edib:
“COVID pandemiyası səbəbindən iki illik fasilədən sonra Bakıya
qayıda bilmək çox sevindiricidir. Şübhəsiz ki, neft-qaz sektoru və
bunun Avropa üçün təmin etdiyi enerji təhlükəsizliyi mühüm
əhəmiyyət kəsb edir və gələcək onilliklər ərzində ölkələrimiz
arasında ticarət əlaqələrimizin ana xətti olmaqda qalacaq. Bununla
belə, Azərbaycana hər səfərimdə iki ölkə arasında əməkdaşlığın
səhiyyə, İKT, maliyyə, yaşıl enerji və ya minaların təmizlənməsi
kimi yeni sektorlara doğru necə genişləndiyini görmək xoş təəsürat
bağışlayır.
“Bu səfərimə əlavə dəyər qatan martın 11-də Böyük
Britaniya-Azərbaycan ikitərəfli münasibətlərinin 30-cu ildönümünün
qeyd olunması tədbiridir. Ölkələrimiz arasında münasibətlərin bütün
müsbət tərəflərini tərənnüm etmək və paylaşmaq məqsədilə həm Xarici
İşlər Nazirliyində, həm də Heydər Əliyev Mərkəzində keçirilən
tədbirlərdə iştirak etməkdən məmnunam”.