Brendimizi seçən moda vurğunlarına yüksək keyfiyyətli məhsul təqdim etmək bir nömrəli prioritetimizdir – “Flannel” brendinin qurucusu (MÜSAHİBƏ)

Dəbli geyim tərzinə malik olmaq xüsusi bir mədəniyyətin daşıyıcısı olduğumuzdan xəbər verir. Hər bir geyim brendi öz dəsti-xətti, unikallığı və ötürdüyü fəlsəfəsi ilə digərlərindən fərqlənməlidir. Müsahibimiz, “Flannel” brendinin qurucusu Aygün Abdullayeva elə məhz həmin mədəniyyətin daşıyıcısı və eyni zamanda, keşikçisidir. Gəlin, bu müsahibə ilə onun daxili dünyasını, təqdim etdiyi geyimləri vasitəsilə ötürmək istədiyi ideya və fikrləri dərindən araşdıraq!

Aygün xanım, biz sizi oxuculara belə təqdim etdik. Bəs siz özünüzü necə təqdim etmək istərdiniz?

Mən özümü 3 ifadə ilə belə təqdim etmək istərdim: gözəllik vurğunu, dəb həvəskarı və idealist.

1983-cu ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində bakalavr və magistr təhsili almışam. Daha sonra, 2007-ci ildən etibarən ailəmlə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə köçərək orada yaşamağa başlamışam. Mən deyərdim ki, bu məkan dəyişikliyi mənim daxilimə doğru səyahətin başlanğıcı oldu. Yaşadığım ölkədə dəb sənayesi ilə daha yaxından maraqlanmağa başladım. Oradakı dəb mühiti, geyimlərin rəngarəngliyi, parçaların keyfiyyəti, bəzəklərin çalarları məni valeh etməyə və daha çox diqqətimi cəlb etməyə başladı. Beləcə, mənim dəb sferasındakı fəaliyyətimin əsası qoyuldu.

Adətən, özüm barədə təqdimat edərkən bir nüansı xüsusilə qeyd edirəm: köçdüyüm ölkə, yaşadığım mühit dəbə olan həvəsimi peşəmə çevirdi.

Həm riyaziyyat sahəsində təhsil, həm də tikişlə bağlı praktiki bacarıqlara sahibsiniz. Bütün bunlar biznesinizin inkişafına hansı formada fayda verdi?

Tikiş riyaziyyat kimidir: ölçü götürərkən rəqəmlərə diqqət yetirmək olduqca əhəmiyyətlidir. Əks halda, yanlışlığa yol verə və nəticədə istədiyiniz ölçüdə məhsul əldə etməyə bilərsiniz. Riyazi biliklər həmçinin biznesin uğurla idarə edilməsi üçün də olduqca vacibdir. Bu səbəbdən də əldə etdiyim bilik və ya bacarıq öz şəxsi biznesimi qurarkən mənə çox böyük üstünlük qazandırdı. Bakıda fəaliyyət göstərən “Flannel”i həm biznesim, həm “showroom”um, yəni geyimlərimin, eləcə də təxəyyülümün nümayiş edildiyi məkan kimi dəyərləndirirəm. Orada nümayiş olunan geyimlər əslində, düşüncəmdəki eleqant qadın obrazının təcəssümüdür.

Bakıda yaranan həvəs, istək, BƏƏ-də öz formasını dəyişərək, daha dərin məzmun almağa başladı, məni peşəmlə bütünləşdirdi. Bu peşənin ruhən mənə bəxş etdiyi sərhədsizlik anlayışını çox sevirəm. Həmin o sərbəstlik ən incə detallara varmağıma gətirib çıxarır.

Bu sahədə təxəyyüllərim genişləndikcə, daha da peşəkar ola biləcəyim mühitlərdə özümü doğrultmağa, yeni dəyərlər qazanmağa qərar verdim. Moskvanın ən prestijli kursu vasitəsilə tikiş sənəti dərindən öyrəndim.

“Flannel” dəbli biznes yoxsa dəb üzərində qurulan biznesdirʔ

Dəb vizual mədəniyyətdir. Hazırda “Flannel” mənim üçün kreativ sektorda fəaliyyət göstərən və bu vizuallığı əks etdirən biznes qurumudur. Bu bizneslə bağlı yaxın gələcəkdəki məqsədim onu daha da böyütmək, uzunmüddətli gələcək məqsədim isə onu dünya brendləri sırasında görməkdir. Bunun üçün kifayət qədər peşəkar və bu sahəni dərindən bilən komandamız mövcuddur. Hazırda satışlar butik mağazamızda həyata keçirilir. Lakin bir müddət sonra virtual məkanda onlayn butiklər qurmağı və onlayn satışlar həyata keçirməyi planlaşdırıram. Sürətlə virtuallaşdığımızı nərəzə alsaq, deyə bilərik ki, hazırda dəb virtual mühitdən dah çox ilham alır. Düşünürəm ki, “Flannel” fiziki mühitdə öz dəb trendini yaymaqla yanaşı, eyni zamanda, virtual mühitdə də öz dəb standartını və fərqini ortaya qoya bilər.

“Flannel” qadını müstəqildir, sərhədsizdir! Virtuallıq isə dəb sevərlərə daha çox sərbəstlik verdiyindən məhz onlayn platformalar vasitəsilə də azadruhlu “Flannel” daşıyıcılarının, yəni brendimizdən yararlanan dəb həvəskarlarının sayını artıra bilərik.


Dəb sizin üçün hansı mənanı ifadə edir?

Mən deyərdim ki, dəb bir həyat tərzidir. İnsanın geyim tərzi isə onun biznes kartı, peşəkar kimliyi və ən əsası, xarakterinin, zövq və dünyagörüşünün üzərindəki əksidir.

Vaxtilə belə bir ifadə olduqca diqqətimi cəlb etmişdi: ən dəyərli geyiminiz öz cildinizdir. Bu baxımdan, öz cildini sevən hər bir şəxs onu ən mükəmməl formada təqdim etməyi bacaran şəxsdir. Zənnimcə, bu təqdimat dəb vasitəsilə həyata keçirilə bilər.

Sualınıza gəldikdə isə qeyd edə bilərəm ki, dəb mənim üçün zövqümü və fərqimi ortaya qoya biləcəyim vasitədir. İnsanlar zövq, dil, din, mədəniyyət baxımından fərqlidir. Lakin, dəb musiqi kimidir, bütün fərqliliklərə baxmayaraq, insanlar arasında ortaq bir dəyər bəxş edir. Məhz elə bu səbəbdən də fikirlərimi, dünyagörüşümü əks etdirən geyimlər vasitəsilə fərqli düşüncədəki insanlarla ünsiyyət qururam. Deməli, dəb mənim üçün zövqlü ünsiyyət vasitəsidir.

Mənim təqdim etdiyim geyimlər göz yormayan, müasirliklə ənənənin harmoniyasını özündə əks etdirən incə bir xəttə, tərzə malikdir. Eyni zamanda, masir dövrümüzün trendlərini nəzərə alsaq, deyə bilərik ki, mənim təqdim etdiyim kolleksiya “elegant urban women”i (“eleqant şəhər qadını”), yəni şəhər həyatının keşməkeşi içərisində daim bir nöqtədən digər nöqtəyə tələsən qadınları funksional geyimlərlə təmin edir.

Bu kolleksiyada göz yormayan, “sakit”, sadə, lakin eleqant tərzi görmək mümkündür. Bütün kolleksiyam mənim üçün çox dəyərlidir. Onlar arasında heç bir fərq qoymuram.

Bilirik ki, bu sahədə fəaliyyət göstərən insanlar üçün ruh yüksəkliyi, ilhamlanmaq olduqca vacibdir. Bəs siz bunları necə əldə edirsinizʔ

Əhatəsində olduğum insanlar olduqca vacibdir. Bu baxımdan mən özümü çox şanslı hesab edirəm. Çünki istər ailə üzvlərim, istərsə də “Flannel” butikində çalışan əməkdaşlar mənim ruh yüksəkliyimin əsas mənbəyidirlər. Lakin, yeni rəng və çalarlar, yeni dizaynlar kəşf etmək istədiyim zamanlarda, öz daxilimə səyahət edirəm. Bu isə əsasən məkan dəyişikliyi ilə əmələ gəlir, yəni fərqli ölkələrə səyahət etdikcə, yeniliklər axtarışında olduqca, əslində özümə doğru səyahət edirəm. Həm Avropa, həm də Asiya ölkələrinə səyahət beynimin dərinliklərində olan ideyalarımı ortaya qoymağıma gətirib çıxarır. Həmin bu “kəşflər” geyimlərimdə öz əksini tapır: Avropa fünksionallığı, Şərq müdrikliyi – bu iki anlayışın harmoniyasından yeni geyimlərim ərsəyə gəlir.

Sosial medianın bizə qazandırdığı dəyərlərdən biri də yeni nəsil moda trendləridir. Mütəmadi olaraq müxtəlif “influencer” və ya bloqrrlərin bizə aşılamağa çalışdığı moda xəttini müşahidə edirik. Necə düşünürsünüz dəbdə ikonaya çevrilmək üçün hansı addımlar atılmalıdır? Bunun bir qaydası varmı?

Mən deyərdim ki, modada öz stilini ortaya qoya bilmək, yaş və fiziki prametrləri nəzərə almaq, digərlərini təkrarlamaq əvəzinə özünəməxsus stillə yadda qalmaq, keyfiyyətli parçalara önəm vermək və ən əsası, təbii olmaq ikonaya çevrilmək üçün ən vacib şərtlərdəndir.

Sizi “Flannel”də daha çox hansı rolda görmək mümkündürʔ Rəhbər və ya dizaynerʔ

Mən deyərdim ki, hətta siz qeyd etdiklərinizdən daha çox öhdəlik yerinə yetirirəm. Administrativ, dizayn, marketinq və satışla bağlı istənilən funksiyanı icra edirəm. Brendimizi seçən moda vurğunlarına yüksək keyfiyyətli məhsul təqdim etmək “Flannel”in faəliyyətinin bir nömrəli prioritetidir. Bu səbəbdən də istər parça seçimində, istər yeni dizayner və dərzilərin işə cəlb edilməsində son dərəcə ciddi və həssas yanaşmamız mövcuddur. Məhz elə bu səbəbdən də “Flannel”in xidmət etdiyi seqment öz loyallığı ilə fərqlənir.

Teqlər: