Braziliya Ali Məhkəməsi ölkədə X sosial media platformasına girişi qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məhkəmə X sosial media platformasının Braziliyaya qanuni nümayəndəsinin təyin edilməsi üçün 24 saat möhlət verib.
Bildirilib ki, qərar şirkətin Braziliyada qanuni nümayəndəsinin təyin olunacağı və cərimələrin ödəniləcəyi vaxta qədər qüvvədə qalacaq:
“İnternet provayderlərinə və tətbiq mağazalarına X platformasına girişi əngəlləmək üçün 5 gün vaxt verilir. VPN kimi yollarla X hesabına giriş etməyə cəhd göstərən şəxs və ya quruluşlar cərimə olunacaq”.
Platformanın sahibi İlon Mask isə X hesabında Braziliya məhkəməsinin bu qərarına münasibət bildirib:
“İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş hakim bunu siyasi səbəblərlə məhv edir”.
Xatırladaq ki, Braziliya Ali Məhkəməsi X platformasından bəzi şəxslərin istifadəçi məlumatlarını verməsini, bəzi hesabların əngəllənməsini istəmişdi.
Mask isə məhkəmənin tələbini yerinə yetirməyərək, platformanın Braziliyadakı ofisini bağlamışdı.