Brayza: İrəvanın bu hərəkəti dəhşətlidir!

Brayza: İrəvanın bu hərəkəti dəhşətlidir!

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yaradılması yolunda etimad tədbirlərindən biri ölkələrin minalardan təmizləmə sahəsində əməkdaşlığı ola bilər.

AzerTimes xəbər verir ki, bu sözləri beynəlxalq ekspert, Ceymstaun Fondunun idarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O bildirib ki, Ermənistanda Qarabağa yerləşdirilmiş mina xəritələrinin olub-olmadığını dəqiq deyə bilməz:

“Amma belə xəritələr varsa, o zaman Ermənistan beynəlxalq hüquqla onları Azərbaycana ötürməyə borcludur. Başqa bir problem də budur ki, bu xəritələr tam dəqiq olmaya bilər. Ən əsası odur ki, Ermənistan minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün hər şeyi etsin. Amma Ermənistan beynəlxalq hüquq çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmir və bu, dəhşətlidir. Bu, Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsini imzalamalı və Qarabağ məsələsini əbədi olaraq həll etməli olduqları səbəblərdən yalnız biridir. Minatəmizləmə sahəsində əməkdaşlıq bu sazişə gedən yolda etimadın yaradılması vasitələrindən biri ola bilər”.

Onun fikrincə, sülh sazişinin imzalanmasının əsas problemi Ermənistan müxalifəti və diasporunun müxalifətidir:

“Onlar həmin insanlardır ki, mən ABŞ-ın Azərbaycanda səfiri olanda əleyhimə çıxış edirdilər. Xüsusilə türklərə, azərbaycanlılara, mənə nifrət edən Amerika Erməni Milli Konqresi hər cür təxribat törədir və bu nifrətdən pul qazanır. İkinci Qarabağ müharibəsinin başlanmasına da səbəb onlar oldu. Bu gün onlar başa düşürlər ki, sülhün bərqərar olması onların əsas gəlir mənbələrini kəsəcək”.

Brayza bildirib ki, Baş nazir Nikol Paşinyan bu qüvvələrin müqavimətini qıra bilsə, Ermənistan çox şey qazanacaq:

“Bu, erməniləri təkcə sülhlə deyil, həm də iqtisadi artım, iş yerləri, sərvətlər, təhlükəsizlik və firavan həyatla təmin edəcək. Düşünürəm ki, ABŞ-ın buna töhfə vermək üçün mühüm vəzifəsi var. Mən çox şadam ki, dövlət katibi Blinken bu məsələyə ciddi yanaşır. Və inanıram ki, Vaşinqtonun vasitəçiliyi ilə irəliləyiş mümkündür. Rusiya Ukraynanı dağıtmaqla məşğul olduğu, Fransa da Ermənistanın tərəfini seçdiyi üçün artıq belə bir rol oynaya bilməz. Ümid edirəm ki, Vaşinqton il ərzində fəallığını davam etdirəcək və sülh müqaviləsinə real maraq göstərəcək”.

Teqlər: