Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 20 dəst fərdi mühafizə vasitələri ianə edib. Bunlar qoruyucu üst kostyum, dəbilqə, qalxan, zərbəyə davamlı ballistik eynək, diz yastıqları və mina detektoru üçün alət çantaları.
Trend xəbər verir ki, bu barədə Agentlik rəsmi Facebook səhifəsində məlumat yayıb.
Bildirilir ki, Agentliyin maddi-texniki bazasının genişləndirilməsinə dəstək məqsədilə ianə edilən ləvazimatların təlim zamanı istifadəsi nəzərdə tutulub.
ANAMA-nın Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən yeni müdavimlər, eləcə də ixtisasartırma təlimlərinin keçirilməsində mütəmadi olaraq bu kimi ləvazimatlardan istifadə edilir.
Humanitar minatəmizləmə əməliyyatlarına texniki dəstək və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət ANAMA ilə BQXK arasında əməkdaşlığa müsbət töhfə verəcəkdir.
Agentlik öz növbəsində humanitar minatəmizləmə fəaliyyətində göstərdiyi diqqət və dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirir.