BP şirkəti AÇG ilə bağlı əməliyyat xərclərini artırıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üzrə fəaliyyətlərə təxminən 531 milyon dollar əməliyyat məsrəfləri və 1,817 milyard dollardan çox əsaslı məsrəflər xərclənib.

Trend bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstəricilər müvafiq olaraq 567 milyon və 1,476 milyard dollar təşkil etmişdi.

Hesabatda qeyd olunur ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də BP-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etdirilib.

İlin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitib. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılıb.

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri Azərbaycana doğru hərəkət etməkdə davam edir.

“BP Exploration (Caspian Sea) Limited” layihənin operatorudur. AÇG-nin səhmdarları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

Teqlər: