bp Azərbaycan öz tərəfdaşları ilə birlikdə 2011 ildə əsasını qoyduğu və səkkiz il uğurlu fəaliyətdən sonra 2018-ci ildə davamlı və müstəqil idarə olunması üçün Bakı Ali Neft Məktəbinə təhvil verdiyi Layihə İdarəetmə Məktəbinə (LİM) dəstək verməyə davam edir.
Şirkətdən AzerTimes-a bildirilib ki, bu dəstəyin və ölkədə yerli imkanların və ümumi potensialın artırılmasına yönəlmiş öhdəliyinin tərkib hissəsi kimi bp Azərbaycan hazırda 2021-ci il LİM proqramında 20 nəfərin iştirakını maliyyələşdirir. Hər qurumdan 10 nəfər olmaqla, bu iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcbari Tibbi SIğorta üzrə Dövlət Agentliyinin nümayəndələridir.
bp-nin bu dəstəyinin ümumi məbləği 170,000 AZN-dir.
LİM layihəsi yerli menecerlərin müfəssəl beynəlxalq layihə idarəetmə proqramından istifadəsini təmin etmək məqsədi ilə xüsusi olaraq tərtib edilmişdir. Ümumilikdə yeddi moduldan ibarət olan LİM proqramını tam bitirənlər ABŞ-ın Dyuk Universitetinin qlobal miqyasda tanınan “Layihə İdarəetmə üzrə Peşəkar Sertifikat”ını (” Professional Certificate in Project Management”) əldə edir və DCPM (“Duke Certified Project Managers”) dərəcəsini qazanırlar.