bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və
Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”,
“TPAO”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”,
“SGC”, “İTOCHU”, “ONGCVidesh”, “TotalEnergies” və “Eni” – Bakı Ali
Neft Məktəbi (BANM) 10 il bundan öncə təsis olunandan onunla sıx
əməkdaşlıq edirlər. Bu əməkdaşlıq bir çox birgə fəaliyyətləri,
təhsilin inkişafına yönəlmiş proqramları və sosial investisiya
layihələrini əhatə edir.
Bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counz BANM-da müntəzəm görüşlərindən birini keçirib
və universiteti 10 illik yubileyi münasibətilə təbrik edib. O,
həmçinin professor-müəllim heyəti və tələbələr qarşısında çıxış
edərək enerjinin gələcəyi və bu gələcək üçün tələb olunan
bacarıqlarla bağlı öz fikirlərini bölüşüb.
Bugünkü tədbir və ümumilikdə BANM ilə əməkdaşlıq bp və onun
tərəfdaşlarının yerli ali təhsil müəssisələrinin potensialının
artırılması istiqamətində ölkənin səylərini dəstəkləmək
öhdəliklərinin bir hissəsidir.
Q.Counz bp və tərəfdaşlarının 2020-ci ildə BANM-a hədiyyə etdiyi
dünya səviyyəli laboratoriyaya da baş çəkib. Bu, tələbələrin
təhsildən sənayeyə rahat keçidinə kömək etmək yönümündə
universitetin müasir təhsil infrastrukturu yaratmaq səylərini
dəstəkləyən və tam təchiz olunmuş proseslərin simulyasiyası
laboratoriyasıdır.
Görüş zamanı Q.Counz deyib: “Yerli universitetlərlə sıx
əməkdaşlıq edərək onlara təlim və tədris prosesinin keyfiyyətinin
artırılmasında kömək etmək sosial təşəbbüslərimizin əsas
istiqamətidir. Çox məmnunuq ki, BANM ilə birgə həyata keçirdiyimiz
təhsil layihələri tələbələrə beynəlxalq standartlara uyğun təhsil
almaq, universitetə isə yüksək keyfiyyətli təhsil təmin etmək üçün
geniş imkanlar yaradır.”