Böyük yazıçımız Qarabağ və yəhudilər haqda…

Böyük yazıçımız Qarabağ və yəhudilər haqda…

Böyük yazıçı, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) Çingiz Həsən oğlu Hüseynov ömrünün 94 yaşında vəfat edib.

Yazıçının qələmindən çıxan “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü”, “Adını demədi”, “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N”, “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” kimi əsərləri ona böyük şöhrət qazandırıb.

Çingiz Hüseynovun 2017-ci ildə “Görkəmli adamların həyatı” seriyasından Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Məhəmməd” (“Muxammed”) kitabı işıq üzü gördü. Bu kitab məzmununa görə Peyğəmbər haqqında yazılmış ən maraqlı kitablardan biridir.

Çingiz Hüseynov böyük yazıçı olmaqla yanaşı dövrümüzün böyük mütəfəkkiri zirvəsini də fəth etmişdi. Yazıçı müsahibələrinin birində deyirdi: “Yəhudilər çox ağıllı millətdir – görün dünyaya nə qədər ixtiralar veriblər. Onun da səbəbini sizə deyim… Təhsil və bayramlar. O bayramların milli ruha təsiri həddən artıq güclüdür. Yəhudilərin təhsilə, hərtərəfli insan yetişdirməyə verdikləri önəmə ancaq həsəd aparmaq olar. Uşaqları kiçik yaşdan musiqi və rəssamlığa cəlb edirlər. Musiqiçi olmayacaq, amma mütləq mükəmməl musiqi təhsili verirlər övladlarına. Çünki səsin insan təbiətinə necə güclü təsir etdiyini bilirlər. Rəsm dərslərinə aparırlar… Rəssam olmayacaq, amma rəngləri duyacaq, dünyanı hiss edəcək, fantaziyası genişlənəcək. Bir var söz, bir də var səs. Səs Allaha daha yaxındır…

Bütün həyatları yaşam fəlsəfəsi üzərində qurulub. Fələstinlilərdə isə əksinədir. Onların həyatları ölüm fəlsəfəsinə tabedir. Ona görə də bütün şüarları ölümlə bağlıdır. İsraillilərdə yaşam fəlsəfəsi nə qədər güclüdür… Yəhudilər öz ənənələrinə nə qədər sadiqdirlər… Bu gün də qeyd etdikləri bayramlarının min illərlə tarixi var. Bu bayramlar nəyə bağlıdır – ədalətə, ləyaqətin qorunmasına, təbiətin oyanışına…”

Çingiz Hüseynov hələ torpaqlarımız işğal altında olanda deyirdi: “Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm… Laçın… Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın… Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun düzən hissələri də var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu”.

Allah rəhmət eləsin…

Teqlər: