Böyük Sevgiyə qarşı nankor viruslar…

Böyük Sevgiyə qarşı nankor viruslar…

Bu gün yazıçı dostum Tural Cəfərov Feysbukda belə bir sual qoymuşdu: 90-cı illərin əvvəlini necə xatırlayırsınız?

Hərə öz fikrini bir cür ifadə edib. Mən isə belə yazdım: “Sonu görünməyən solğunluq…”

80-ci illərin sonu, 90-ların əvvəli mənim yeniyetməlik və gənclik yaddaşımda belə qalıb. O illərdə orta məktəbdə oxumuşam. Sovet dövrünün şagirdi: ucqar əyalət kəndində yaşayan, SSRİ-ni vətən bilən, o ucsuz-bucaqsız vətənin içində VƏTƏN olan Azərbaycanı bütün varlığı ilə sevən, arzuları özündən qat-qat nəhəng, ən ali arzusu ali məktəbdə oxumaq olan balaca bir məktəbli…

“Qarabağ” sözü o günlərdə qəfil ildırım kimi içimizə düşdü. Söz sonra ağrıya çevrildi. Əvvəllər heç hiss etmədiyimiz o ağrı daha çox sevməyi öyrətdi sanki. Azərbaycanı dünya boyda sevməyi öyrətdi. Həm də hər qarışını, daşını, çınqılını, otunu, ağacını…

Sonra sanki kino lenti dolaşdı, rənglər bir-birinə qarışdı, qaraldı, soldu. Hər şey – həyatımız, düşüncələrimiz, arzularımız dəyişdi. 88-də Ağaclarımızı qırdılar Topxanada, Xankəndidə Adamlarımızı öldürdülər. Ölümlər çoxalmağa başladı. Biz o vaxtadək kütləvi ölümləri, qətlləri savaş filmlərində görmüşdük.

Bir göz qırpımında müharibənin içinə düşdük.

Yeniyetməliyi, gəncliyi o illərə təsadüf edən azərbaycanlılar, həmyaşıdlarım, əminəm ki, nələri nəzərdə tutduğumu, nə demək istədiyimi çox gözəl anlayırlar. O yaşantıları təfsilatlı yazan olsa, bir yox, on yox, yüz kitab çıxar bəlkə.

Amma mənim xatırlatmaq istədiyim başqadır. Mən məhz o sonu görünməyən solğunluğu təsvir etməyə çalışıram; nələr yaşamadıq bapbalaca ömrümüzdə… Mitinqlər, paytaxtdakı fərqli ab-hava, azadlıq söhbətləri, 20 Yanvar, rus tankları, şəhidlər. Dərdini yerə-göyə hələ də sığdıra bilmədiyimiz Şəhidlər… Şəhidlər Xiyabanı, “yeraz” ifadəsinin üstündəki zindan ağırlığındakı ağrı, qaçqınlıq, məcburi köçkünlük, öz elimizdə öz evimizdən didərgin düşmək, işğal, mağazaların boşalması, qıtlıq, aclıq, çörək növbələri, yazmaq, ifadə etmək istəmədiyim daha nələr, nələr, sonu görünməyən solğunluq, solğunluq, solğunluq; ümidsizlik, ümidsizlik, ümidsizlik…

Məğlubiyyət – dəhşətli hissdir. İçəridən yeyib-dağıdlr, kərpic-kərpic sökür adamı. Məğrurluğun yerini məzlumluq, mağdurluq alır. Qisas ala bilməmək bükür adamın belini. İkiqat edir. Aşağılıq kompleksi daha da dəhşətlidi…

Hələ Xocalı. Həyatımın 88-dən 2020-dək olan dönəminə, təxminən 32 ilə toplanan, hopan, çökən ağrıların hamısı bir yanadır, Xocalı bir yana. Yəqin ki, az fərqlə hamınız yana-yana yaşamısınız bu ağrını. Xocalını nə ələ götürmək oldu, nə yerə qoymaq. Heç bir itki, heç bir faciə Xocalı qədər sarsıtmadı, yandırmadı. Xocalı qırıb keçdi, xarabazara çevirdi ruhumuzu, zehnimizi, şüurumuzu…

Xocalı olayından sonra hansısa TV kanalında əsirlikdən qaytarılmış gənc bir qızı görmüşdüm – zil-qara saçlı, qapqara gözlü, Türkan Şorayın gəncliyinə bənzəyən gözəl bir qız. Köhnə bir “Niva”nın arxa oturacağında başını anasının çiyninə qoyub ağlayırdı. Qız ağlayırdı, anası gözünü məchulluğa dikmişdi. Sanki heykəl idi qadın, buz heykəl… Ani, saniyələr sürən bu epizodu hər xatırlayanda ölmək istəmişəm. Hər dəfə…

Sizə bəhs etdiyim o solğunluğun ən gözəl inikası Anarın “Otel otağı” filmində var. Kiçik bir epizoddu. Amma sanki ayağının altına basdırılmış minadır. Baxanı ən xırda tikələrə ayırıb havaya sovurur. Düşməndən gizləndiyi qaranlıq meşədə qucağında can verən körpəsinə dırnaqlarıyla məzar qazan ananı deyirəm…

Həyatımızın 30 ili bu solğunluq, sülh danışıqlarıdır, ATƏT-in Minsk Qrupudur, nəticəsiz sülhyaratma, sülhəhazırlama prosesidir, beynəlxalq təşkilatların açıq və ya dolayısı ilə “işğalla barışın” mesajıdır. Yəni ömrümüzün dözülməz, amma dözməyə məhkum edildiyimiz böyük bir dönəmidir. Otuz il öncə uşaq, yeniyetmə idik, indi 50-yə doğru irəliləyirik.

30 il demək çoxuna asan gələ bilər, quru statistikadır rəqəmlər. Amma düşünəndə ki, o 30 ili əslində yaşamamısan, sadəcə, yaşlanmısan, qocalmısan, ruhu dar ağacında çarmıxa çəkilmiş, zehni-düşüncəsi əsir, müqəvva kimi, qisasın qiyamətə qalacağını fikirləşə-fikirləşə, şəxsi uğurlara, şəxsi qələbələrə, şəxsi həyatındakı dəyişikliklərə sevinə, fərəhlənə bilmədən, günləri saymısan, sadəcə, ömrün səhifələrini çevirmisən, işğalda olan torpaqların qaytarılmasının mümkünsüzlüyünü ağlından keçirib neçə yerindən sınmısan, qırılmısan, ölüb-ölüb dirilmisən, yarımcan olmusan… Hələ aramızdan necə “sapı özümüzdən olan balta”lar çıxıb, bizi inandırmaq istəyiblər ki, unudun Qarabağı, Şuşanı, barışın işğalla deyiblər, əcnəbi “sülhyaradanlar” kimi, Şuşa artıq erməniləşib, ermənilərindir deyiblər və bu sözlərlə qəsdən, bilə-bilə çarmıxa çəkilən ruhuna işgəncə veriblər…

İllərdən 2020. Aylardan sentyabr. Dünyanın ən gözəl ili və ayı. Həyatımızda yeni bir səhifə, yeni bir başlanğıc, yenidən doğuluş… Sentyabrda başladılan Zəfər savaşımız, 44 günlük ildırım sürətli müharibə sadəcə, müharibəydimi, yalnız Qarabağın işğaldan azad edilməsiydimi? Dünyanı bizə – biz azərbaycanlılara vermək idi bu savaş. Dünyanı ayaqlarımızın altına sərmək idi! Ordumuz, qəhrəman oğullarımız cəngavər kimi döyüşdülər, canlarından keçdilər, Şuşanı aldılar, dağların başındakı ruhaniyyət paytaxtımızı, əlçatmaz, ünyetməz Qalanı geri qaytardılar, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı aldılar. Qürurumuzu qaytardılar. Ruhumuzu azad etdilər, göylərə qaldırdılar…

O 44 günün 44 əsrə bərabər ruh yüksəkliyini nə ilə müqayisə etmək olar?! O gözəl günləri unutmaq olarmı? Qələbəmizin müəllifini, Qarabağın fatehini, Müzəffər Ali Baş Komandanı, onun musilsiz və miqyassız xidmətlərini unutmaq olarmı? Qarabağı bəxş etdi bizə, qisasımızı aldı, aşağılıq kompleksindən xilas etdi, dünyanın ən məğrur toplumu etdi bizi Prezident İlham Əliyev. Dahası varmı?..

Toplumu, yəni özümüzü, hər birimizi sosial şəbəkələrdən müşahidə edirəm, təəccüblənirəm, insanlarımız yolunu 30 il gözlədiyi Qarabağ qələbəsini sanki üzərindən 30 il, hətta 300 il keçibmiş kimi yaşayır, ya mənə belə gəlir? Ya bəlkə qəfil zəfər hamını kütləvi şəkildə şoka salıb, özümüzdə deyilik, nələr baş verdiyinin hələ yetərincə fərqində deyilik, psixoloji hazır deyilik, ona görə belə fərqli, anormal reaksiyalar veririk?

Nə olub sizə, bizə, hamımıza? Evlərinizə, torpaqlarınıza qayıtmaq arzusuyla alışıb yanan siz deyildinizmi? Əldə edilən Qələbənin miqyasının, miqyassızlığının fərqində deyilsinizmi? Cıdır düzünü bircə dəfə görmək üçün canını verməyə hazır olan siz deyildinizmi? Hanı bizim qalib xalqımız?

Zəngəzur davasını edən kimdir?! Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlamağı tapşıran kimdir? Kiminçün edir, niyə edir – yəni anlamırıqmı?

Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Üzüntü ilə izləyirəm: sosial şəbəkələrdə və mediada təbii ki, əksər insan öz sevgisini bacardığı formada ifadə etməyə çalışır, Prezidenti təbrik edirlər. Bir qisim – tapılır ki, təbrik yazanları yaltaqlıqda ittiham edir. Heyrətamiz situasiyadır. Yuxarıda dediyim kimi, bu insanlar ya həqiqətən şokdadırlar, qəfil qələbə şokundan ağıllarını itiriblər, ya da nankordurlar. Bir kəlmə ilə nankor. Atanın-babanın məzar daşını, məcburən tərk etdiyin ev-eşiyini, torpağını, yurdunu sənə qaytaran bir insanı sevmək, sayğı göstərmək, ehtiram ifadə etmək, sadəcə, təşəkkür etmək normal insani vəziyyət deyilmi? Bu niyə yaltaqlıq sayılsın ki? Niyə?

Siz İlham Əliyev şəxsiyyətinin nəhəngliyini, Qarabağın azadlığı kimi bir missiyanı ləyaqətlə, zəfərlə başa çatdırmasını, yalnız Xankəndi üçün deyil, Zəngəzur üçün, Göyçə üçün, Vedi üçün… var gücü ilə çalışdığını necə görməyə bilərsiniz? Məqsədiniz nədir, “nowar”çı xainlər, Azərbaycanın uğurları niyə gözünüzə batır?

İlham Əliyevin bizi necə ağır bir yükdən xilas etdiyinin doğrudanmı, etiraf etmək, qəbul etmək bu qədər çətindir? Şuşanın, Murovun yüksəkliyini həqiqətənmi hiss etmirsiniz? Xəstəsiniz, dəlisiniz, zəlilsiniz, nəsiniz siz?

Heç adi hərbi xidmətə belə getməyənlərin, müharibədən qaçıb gizlənənlərin vətən sevgisi yoxdursa, insan sevgisi necə ola bilər? Niyyətiniz nədir, kimə işləyirsiniz, sifarişi haradan alırsınız, kimlərdən alırsınız?

İlham Əliyev yalnız torpaq azad etməyib – əsir ruhlarımızı azad edib;

İlham Əliyev yalnız torpağı azad etməyib – əsirlikdə ölənləri ruhuna dinclik verib, 4 minə yaxın itkinin artıq sümükləri qalan nəşini bir-bir axtartdırır, tələb edir, onları kəfənləndirib dəfn etdirir…

İlham Əliyev Vətən övladlarının – Qarabağ üçün ölən, öldürülən, işgəncə ilə məhv edilənlərin ölüsünə də sahib çıxır…

İlham Əliyev hər addımı ilə cəmiyyətə böyük hədəflərə səsləyir: hər il köçkünlərlə keçirirdi ad gününü, bu gün Qərbi azərbaycanlılarla keçirdi.

Bu, “Bir hədəfə çatdıq” deməkdi!

Bu, millət üçün Yeni Bir Səhifə açmaq deməkdir!

Yorulmadan, usanmadan milləti yeni hədəflərə götürən bir Lideri niyə sevməməliyik? O öz arxasında Uca Millətin Böyük Sevgisini görüb, niyə “Davam!” deməməlidir?

Niyə bu günə görə göylərə şükranlığımızı, minnətdarlığımızı bildirməməli, yeni hədəflər üçün dualar etməməliyik?

Niyə mənfi enerji göndərib, bu müsbət auraya virus olmalısınız?

Hər şeyin həddi, əndazəsi var – virusluğun da, antitema olmağın da… Yalnız sevginin, milli hədəflərin həddi-hüdudu yoxdur.

Bu sevginin və hüdudsuzluğun qarşısına misgin vicudunuzdan ətrafa səpdiyiniz viruslarla çıxa bilməzsiniz – içinizdə boğulacaqsınız…

Teqlər: