Martın 16-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Şuşa şəhərinin
yaradılmasının 270 illiyinə həsr olunan “Böyük qayıdışın şah əsəri
– Şuşa!” adlı tədbir keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Müdafiə Nazirliyinin nümayəndələrinin, “Art
Accent” Akademiyasının müəllim və şagird heyətinin, ictimaiyyət
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın
ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2022-ci ilin “Şuşa İli” elan edildiyini bildirib, ölkəmizdə dövlət
tərəfindən milli-mədəni və tarixi irsimizin qorunmasına, təbliğinə
xüsusi diqqət göstərildiyini qeyd ediblər.
Vurğulanıb ki, ordumuzun Vətən müharibəsində qazandığı tarixi
qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən
yaddaqalan, şanlı səhifələrindəndir. Azərbaycan əsgəri yenilməz
iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə mədəniyyət beşiyimizi
işğaldan azad etməklə düşmənlə yanaşı, bütün dünyaya da ordumuzun
gücünü, qüdrətini göstərdi.
Sonra Şuşaya həsr olunan sənədli film və “Art Accent”
Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi nümayiş
olunub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin,
eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin
orkestrinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları
səsləndirilib.