Böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərində ən çox diqqət çəkən məqamlardan biri də azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesinin sürətlə davam etdirilməsidir: “Cəbrayıl rayonunun girişindəki lövhənin orijinal üslubunun qorunaraq bərpa olunmasını xüsusi qeyd etmək istərdim. 28 ildən sonra Cəbrayıla qayıdan soydaşlarımız üçün bu abidənin mənəvi baxımdan əhəmiyyəti böyükdür. Biz bütün tarixi ərazilərimizi bərpa edəcəyik. Bu torpaqların əsl sahibləri qayıdıb”.

Deputat bildirib ki, azad olunmuş ərazilərdə, həmçinin infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir: “Ən vacib məqam ondan ibarətdir ki, bu ərazilərdə aparılan quruculuq prosesi ən müasir texnologiyalara əsaslanır. Ümumiyyətlə, hər dəfə dövlət başçısının bu ərazilərə səfəri zamanı yeni sosial obyektlərin təməli qoyulur. Böyük qayıdışın birinci addımı isə Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd” layihəsinin icrası ilə başladı. Layihənin əsas üstünlüklərindən biri müxtəlif komponentləri özündə birləşdirməsidir. Belə ki, yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələrini əhatə edən layihənin icrası burada əlverişli imkanlar yaradacaq. Dövlət başçısı ilə görüş zamanı kənd sakinlərinin təəssüratlarından bir daha aydın oldu ki, hər kəs tezliklə öz doğma yurduna qayıtmaq arzusundadır”.

K.Nurullayeva vurğulayıb ki, təməli qoyulan və azad olunmuş ərazilərdə sayca 2-ci olan Hava Limanının istifadəyə verilməsi ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivi yaranır: “Məlumdur ki, Füzuli, Zəngilan və Laçın rayonlarında inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması prosesinə də start verilib. Azərbaycan-İran sərhədinin, 132 kilometrlik sərhəd xəttinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlaması bərpa prosesinin bariz nümunəsidir. İşğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədinin bərpası prosesi, sərhəd boyunca isə bütün lazımi infrastruktur işləri aparılır. Sərhəddə təbii ki, təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə həyata keçirilir. Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı Prezident İlham Əliyevin sonuncu xəbərdarlığı bir daha təsdiqlədi ki, qarşı tərəf bu çirkin əməllərdən əl çəkməsə, daha ağır nəticələr olacaq. Ermənistan bu sonuncu xəbərdalıqdan nəticə çıxarmağa məcburdur”.

Teqlər: