Böyük QAYIDIŞ: Prezident planın hər xırdalığını xalqın qarşısında tərtib edir

Azərbaycan xalqı, Azərbaycan dövləti 2020-ci ildə əsas məqsədinə – Qarabağın düşmən işğalından azad olunmasına nail oldu. İndi isə əsas məqsəd Azərbaycan xalqının azad olunmuş ərazilərə təhlükəsiz, sürətli qayıdışını təmin etməkdir.

Bu istiqamətdə planlı və sürətli çalışmalar aparılır. Hələ Prezidentin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qəragahın daxilində işçi quruplar fəaliyyət göstərir.

Azad olunmuş ərazilərdə öndə duran məsələ ərazilərin təhlükəsizliyini təmin etməkdir. Bu da həmin ərazilərin minalardan təmizlənməsidir.

Bu istiqamətdə işlərin vacibliyini dövlət başçısı ilin əvvəlində hökümətlə keçirilən iclasda qeyd etmişdi. Hələ o zaman Prezident İlham Əliyev minatəmizləmə ilə bağlı çatışmazlıqları qeyd etdi və bu sahədə dövlət qurumunun yaradılmasının vacibliyini bildirdi. Bu qurumun yenidən təşkil olunması üçün ən xırda məqamlarına qədər tapşırıqlarını verdi.

Daha sonra Prezident dəymiş ziyanın qiymətləndirilməsini qeyd etdi. Bu məsələdə də Prezident İlham Əliyev bütün məqamlara toxundu, prosesini necə aparılmalı olduğunu bildirdi

Prezident demək olar ki, bütün çıxışlarında Böyük Qayıdış planının hər təfərrüatını xırdalığını xalqla bölüşür, xalqın iştirakı ilə hazırlayır.

Artıq ötən həftə Minatəmizləmə Agentliyi yaradıldı, Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul etdi. Bütün tapşırıqlarını verdi, ən xırda detalları ilə bildirdi.

Ötən həftənin önəmli hadisələrindən biri də Prezidentin Azərbaycan televiziyasına müsahibəsində toxunduğu məqamlar idi. Prezident azad olunmuş ərazilərin bərpasına nə qədər önəm verdiyini göstərdi. Ən sərt formada məmurlara xəbərdarlıq edildi, bərpa işlərini pərakəndə formada aparmaq olmaz mesajını açıq şəkildə qeyd etdi.

Prezident İlham Əliyev Böyük QAYIDIŞın ən xırda detallarını xalqa açıqlayıb və bütün məmurlardan da bu plana əməl etməyi tələb edir. Prezidentin sərt xəbərdarlığından aydın oldu ki, heç kim Böyük QAYIDIŞ planını ardıcıllığından bir millimetr də kənara çıxa bilməz.

Bu prosesdə Azərbaycan mediasının və Azərbaycan xalqının üzərinə düşən vəzifə isə Prezidentin də qeyd etdiyimi kimi prosesə ictimai nəzarəti həyata keçirməkdir.

Bunun üçün də Azərbaycan jurnalistikasının qələm sahibləri çayxana söhbətlərindən uzaq durmalı, Böyük QAYIDIŞın detallarına diqqət etməli, gedişatı izləməlidirlər. Heç bir vəchlə Azərbaycanın ötən il qazandığı tarixi Zəfərə kölgə salmamalı və Prezidentin azad olunmuş ərazilərdə həyata keçirəcəyi gələcək plana şübhələr formalaşdırmamalıdır.

Prezident İlham Əliyev azad olunmuş ərazilərdə gələcək Azərbaycanın bir modelini hazırlayır, bu model azad olunmuş ərazilərdən bütün Azərbaycanı bürüyəcək!

Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri

Teqlər: