Martın 30-da “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Milli
Azərbaycan Tarixi Muzeyində 31 Mart – Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar “1918-ci il 31 mart soyqırımı gerçəkləri” adlı
tədbir keçirilib. Tədbir tariximizin ən qanlı səhifələrindən biri
olan ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı
qurbanlarının əziz xatirəsini yad etmək, baş vermiş qırğınlar və
soyqırımı gerçəkləri haqqında məlumatları tarixi faktlarla gənclərə
çatdırmaq məqsədilə təşkil olunub.
Dövlət himninin səsləndirilməsi, soyqırımı qurbanlarının və
şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayan tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi və
əməkdaşları, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin
üzvləri, könüllülər və üzv gənclər iştirak ediblər. Açılış niqtləri
ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru
akademik Nailə Vəlixanlı və “Böyük Qayıdış” Gənclər Təşkilatının
icraçı direktoru Nail Şükürov tarixən erməni vandalları tərəfindən
azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik
təmizləmə siyasətindən, xalqımızın soyqırıma və deportasiyaya məruz
qalmasından danışıblar. Bildirilib ki, gənclərin bu tarixi
gerçəklikləri dərindən öyrənərək həm yerli, həm də beynəlxalq
platformalarda, müxtəlif internet resurslarında, qlobal sosial
şəbəkələrdə geniş təbliği zəruridir. 31 Mart soyqırımı faciəsinin
araşdırılması və həqiqətlərin dünyaya yayılmasında Ümummilli lider
Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilərək, məhz
Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-nin
“Azərbaycanlıların soyqırımı günü” elan edildiyi vurğulanıb.
Tədbirin qonağı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü,
professor Musa Qasımlı tərəfindən 31 mart soyqırımının səbəbləri,
həyata keçirilməsi üsulları, nəticələri haqqında tarixi faktlarla
ətraflı məlumat diqqətə çatdırılıb və gənclərin mövzu ilə bağlı
sualları cavablandırılıb.