Böyük müharibə təhlükəsi var

Böyük müharibə təhlükəsi var

“Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş etdim. Xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın ki, ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var”.
Bunu ABŞ prezidenti Donald Tramp deyib. O, “Wall Street Journal” qəzetinə müsahibə verib.

Məlumata görə, ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışığı aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini diqqətə çatdırıb. “Hələlik onların belə silahı hədəfə çatdıracaq vasitələri yoxdur, ancaq onlar bunu əldə edəcəklər”.

Bundan əvvəl Rusiya mənbələri xəbər yayıb ki, ABŞ-ın 154 “Tomoqavk” raketi ilə silahlanmış “Ohayo” atom sualtı qayığı Şimali Koreya sahillərindədir.

Rusiyanın KİV’nin məlumatına görə, Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkədə həyəcan siqnalları verilir. Bəzi məlumatlara görə, bir neçə şəhər və rayonda insanlar sığınacaqlara istiqamətləndirilir.

ABŞ yeni donanma qrupunu Koreya yarımadasına göndərdikdən sonra Yaponiyanın da döyüş gəmiləri bu donanma qrupuna qoşulmaq üçün hazırlandığı bildirilir.

Qeyd edək ki, Tramp Suriya müharibəsindən də danışıb. O bildirib ki, Bəşər Əsədin mülkilərə qarşı istifadə etdiyi kimyəvi silahlardan dünyanın ən zalım rəhbələri istifadə edir.“Kimyəvi silahlarla hücum görüntülərini izləyəndə dedim ki, mütləq nəsə etməliyəm. İnsanlara qarşı kimyəvi silahlardan istifadə və onların üzərinə “kasetli”, “çəllək” bombaları atıldığı zamanı uşaqların qolsuz, ayaqsız və üzsüz halını görürsünüz. O (Əsəd) bir heyvandır”.