Yəmən və Livandakı zərbələr indi Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir.
AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
“Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirini qırdıq, Hizbullaha böyük zərbə vurduq, Nəsrullahı aradan qaldırdıq, sistemli olaraq onun yüksək səviyyəli komandirlərini sıradan çıxarırıq. Paralel olaraq bir müddət əvvəl İsrail ordusu Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin verdiyi bədəli izləyir”, – o bildirib.
Baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda böyük, lakin eyni zamanda çətin günlər yaşayır, yeddi cəbhədə müharibə aparır:
“Böyük günlərdir, çünki Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da yaradır. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”.