Böyük Britaniyanın dövlət naziri Vendi Morton Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton fevralın 9-da Heydər Əliyev Mərkəzində olub.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, Mərkəz Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin dəstəklənməsinə və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət edən layihələr həyata keçirir.

Diqqətə çatdırılıb ki, məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada, həmçinin yerli, regional və beynəlxalq səviyyədə müxtəlif rəsmi qəbullar, konfranslar və digər tədbirlər keçirilir.

Qonağa Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanılır.

Böyük Britaniyanın dövlət naziri Mərkəzdə nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Xanım Vendi Morton “Musiqi alətləri: birlik və müxtəliflik”, “Kukla incəsənəti” sərgilərinə də baxıb.

“Tarixin şah əsərləri” sərgisi ilə tanışlıq zamanı Azərbaycanın tarixini əks etdirən eksponatlar qonaqda xüsusi maraq doğurub.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton müasir Bakının rəmzlərindən biri hesab olunan Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıb.

Teqlər: