Böyük Britaniyada yeni baş nazir bu metodla seçiləcək

Böyük Britaniyada yeni baş nazir bu metodla seçiləcək

Böyük Britaniyada yeni baş nazir 1922 Komissiyasının təqvim və metodu əsasında müəyyən olunacaq.

AzerTimes xəbər verir ki, Böyük Britaniyada Liz Trassın baş nazir postundan istefa verməsi ilə yeni liderin seçilməsi prosesi başlayıb.

Mühafizəkarlar Partiyasının yeni liderinin necə seçiləcəyinə və liderin dəyişdirilməsinə son olaraq 1922 Komissiyası qərar verir. Komissiya şəraitə uyğun olaraq hər bir lider seçkisində təqvim və metodu müəyyən edir.

Qeyd edək ki, keçmiş Baş nazir və partiya lideri Boris Consonun istefasından sonra Liz Trassın liderlik seçkisi prosesi üç ay çəkdi. Amma 1922 Komissiyası bu dəfə fərqli bir üsul təyin edərək yeni rəhbərin bir həftə ərzində seçiləcəyinə qərar verib. Bu dəfə L.Trassın yerinə gələcək namizədlərə müraciət etmələri üçün bazar ertəsi saat 14:00-a qədər vaxt verilib. Həmçinin hər bir namizədin ən azı 100 deputatın dəstəyini alması nəzərdə tutulur. Ona görə də Mühafizəkarlar Partiyasının ümumilikdə 357 deputatı olduğunu nəzərə alsaq, namizədlərin sayının üçdən çox ola bilməyəcəyi anlaşılır. Əgər göstərilən gün və saatda yalnız bir namizəd 100 deputatın dəstəyini ala bilsə, o zaman bu şəxs seçkiyə ehtiyac olmadan Baş nazir elan olunacaq.

Birdən çox namizəd lazımi dəstəyi təmin edə bilsə, bazar ertəsi saat 15:30-17:30 arasında Mühafizəkarlar Partiyasının deputatları arasında yenidən səsvermə keçiriləcək.

Cəmi iki namizəd olarsa, bu səsvermə hər bir namizədin partiya qrupunda hansı dəstəyi göstərdiyini üzə çıxaracaq. Əgər üç namizəd olarsa, o zaman ən az səs toplayanlar ləğv ediləcək və nəticə həmin gün saat 18:00-da elan ediləcək.

Daha sonra partiya qrupunda həmin gün saat 18:30-dan 20:30-a kimi qalan namizədlər arasında ikinci səsvermə keçiriləcək və saat 21:00-da deputatların nəticəsi açıqlanacaq.

Nəticə açıqlandıqdan sonra hər iki namizəd yarışa davam etmək istəsə, o zaman ötən seçkidə olduğu kimi internet üzərindən partiya üzvlərinin səsləri ilə yeni lider müəyyənləşəcək. Bu səsvermə üçün verilən vaxt ərzində iki namizəd arasında teledebatın olacağına ümid edilir.

Prosesin sonunda qalib gələn namizəd Mühafizəkarlar Partiyasının yeni lideri və Britaniyanın yeni Baş naziri oktyabr 28-də ictimaiyyətə açıqlanacaq.

Müxalifət partiyaları isə bu qədər az səslə ölkənin Baş nazirinin müəyyən edilməsinin demokratik olmadığını söyləyərək növbədənkənar ümumi seçkilərin keçirilməsini tələb edir.

Teqlər: