Böyük alimin işığında: Kürdəmirdə akademik Ağamusa Axundova həsr olunan tədbir keçirilib

Aprelin 25-də Kürdəmir Heydər Əliyev Mərkəzində Dövlət mükafatı
laureatı, əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90
illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə görkəmli
elm və ədəbiyyat xadimləri, Kürdəmir şəhər rəhbərliyi, ictimaiyyət
nümayəndələri iştirak edib. Xatirə tədbiri çərçivəsində akademik
Ağamusa Axundovun həyat və fəaliyyətinə həsr olunan sərgi
açılıb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialının
müdiri Yaqut Bahadırqızı Ağamusa Axundovun həyat və yaradıcılığı
haqqında tədbir iştirakçılarına məlumat verib, görkəmli alimin
Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətlərindən
danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
akademik Ağamusa Axundov haqqında xatirələrini bölüşüb, onu
şəxsiyyət və alim kimi yüksək dəyərləndirib: “Ağamusa müəllim
haqqında düşünəndə insanın ürəyinə işıq, ən gözəl hisslər, ən gözəl
xatirələr gəlir. Mənsub olduğumuz 60-cılar nəsli ədəbiyyata gələndə
bizi ilk müdafiə edənlərdən biri Ağamusa müəllim idi. Bunu heç vaxt
unutmayacağam. Daha sonralar Ağamusa Axundovun ədəbiyyatımız,
dilçiliyimiz, müasir şeirimiz və nəsrimiz haqqında dəyərli
kitabları çap olundu və o, özünü Azərbaycanın ən görkəmli
alimlərindən biri kimi təsdiq elədi. Ağamusa müəllimin haqqında
düşünəndə ağlıma gələn ilk söz arxayınçılıq sözü olur. O,
ailəsindən, sənətindən, ədəbiyyat və elmdəki yerindən,
ədəbiyyatımızın gələcəyindən arxayın idi. Ağamusa Axundov arxayın
idi ki, bütün keçəri şeylər sovuşub gedəcək, əbədi dəyərlər
qalacaq. O, həyatını bu əbədi dəyərlərin təsdiqinə həsr etmişdi.
Ağamusa müəllimin xatirəsi mənim üçün çox əzizdir. Allah ona
qəni-qəni rəhmət eləsin”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ağamusa
Axundovun 90 illik yubileyinin onun anadan olduğu Kürdəmir
şəhərində keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, onu
böyük alim və elm təşkilatçısı kimi qiymətləndirib. İsa Həbibbəyli
qeyd edib ki, akademik Ağamusa Axundov 32 yaşında dilçilik üzrə
elmlər doktorluğu müdafiə edərək rekord göstəriciyə nail olub:
“Təkcə bu fakt Ağamusa Axundovun böyük istedadından xəbər verir.
Ağamusa müəllim Azərbaycan dilinin fonemlər sistemini yaradıb.
Azərbaycan dilçiliyinin inkişafında fonetika sistemini, fonetika
istiqamətini yaradan məhz akademik Ağamusa Axundovdur. Bu, dünyada
fonemlər sisteminin öyrənilməsi üçün mənbə kitablardan biri hesab
olunur. Ağamusa müəllimin “Azərbaycan dilinin fonemlər sistemi”
adlı kitabı Azərbaycan fonetikasının abidəsidir. O, dilin
estetikasından yazan ilk dilçi alimlərdən biridir”.

İsa Həbibbəyli əlavə edib ki, Ağamusa Axundov hələ 80-ci illərdə
riyazi dilçilik anlayışını linqvistik tədqiqatlar sferasına
gətirib. Bundan başqa görkəmli alimin ədəbiyyatşünaslıq sahəsindəki
tədqiqatları dilçilik istiqamətindəki tədqiqatlarından geridə
qalmır: “Ağamusa müəllim dilçilik istiqamətində göstərdiyi
professionallığı ədəbiyyatşünaslıq sahəsində də peşəkar səviyyədəki
əsərləri ilə isbat edib. Onun Azərbaycan ədəbiyyatşünaslıq elminin
ayrı-ayrı sahələrinə aid yazdığı sanballı elmi əsərlər dilçiliklə
ədəbiyyatşünaslığın qovşağında olub, həm diliçiliyi, həm də
ədəbiyyatşünaslığı zənginləşdirən əsərlərdir”.

Daha sonra söz akademik Nizami Cəfərova verilib. O, Ağamusa
Axundovun şəxsiyyəti, tədqiqatları haqqında danışıb, onun barəsində
xatirələrini bölüşüb. Nizami Cəfərov qeyd edib ki, Ağamusa Axundov
Azərbaycan dilçiliyi tarixində o şəxsiyyətdir ki, onun zəngin
yaradıcılıq təcrübəsi meyar hesab olunur: “Yəni düşünmək olar ki,
Azərbaycan dilçiliyi Ağamusa Axundova qədər və ondan sonra. Ağamusa
müəllim dilçilikdə Səməd Vurğuna bənzəyir. Yəni çox ilhamlı,
parlaq, dəqiq, improvizasiya qabiliyyəti yüksək olan alim idi.
Deyirdi ki, mən “Ümumi dilçilik” kitabını bir aylıq məzuniyyətdə
yazdım. Bir aya yazılan bir əsəri Azərbaycan dilçiləri 60 ildir
oxuyub bitirə bilmirlər. Yəni bu kitab o qədər mükəmməl və
zəngindir. Anar müəllimin dediyi kimi Ağamusa müəllimin təbiətində
qəribə bir rahatlıq, arxayınlıq var idi. Ən mürəkkəb problemləri
çox təmkinli şəkildə həll edirdi və görürdün ki, bunun başqa yolu
yoxdur”.

AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov
deyib ki, Ağamusa Axundovun nəzəri dilçiliklə ardıcıl, hərtərəfli
məşğul olması onun ən böyük üstünlüklərindən biridir. Bu üstünlük
Ağamusa müəllimə imkan verirdi ki, təkcə dilçilik müstəvisində yox,
həm də ədəbiyyat müstəvisində ən qəliz məsələlərin elmi həll
olunmasında son sözü deyə bilsin: “Ağamusa müəllim Azərbaycan
riyazi dilçilik məktəbinin banisidir. “Ortaq türk dili
mümkündürmü?” – sualı neçə illərdir ki, türk dünyası ölkələrində
gündəmdədir, bu sahədə tədqiqatlar və mübahisələr var. Ağamusa
müəllimin də bu mövzuda məqaləsi və bir neçə konfransda çıxışı var.
Yazırdı ki, esperanto dili kimi riyazi, qeyri-riyazi üsulla dil
yaratmaq qeyri-mümkündür. Əgər mümkün olsa, xalq onu tətbiq edib
işlədə bilməz. Ortaq türkcə ilə əlaqədar başqalarından fərqli
olaraq, Ağamusa müəllim daha real düşüncəyə söykənən fikirlər irəli
sürürdü. Deyirdi ki, biz ortaq türk dili, mədəniyyəti istiqamətində
üç məsələni yaddan çıxarmamalıyıq. Birinci məsələ ortaq əlifba,
ikinci məsələ ortaq orfoqrafiya, üçüncü məsələ lüğət tərkibi.
Yazırdı ki, latın əlifbasına keçmək nə qədər mütərəqqi hadisədirsə,
ayrı-ayrı türk xalqları arasında bir-birindən fərqli latıncalara
keçmək o qədər də böyük hünər deyil. Lüğət tərkibi ilə bağlı
deyirdi, daha yaxşı olardı ki, hər türk xalqının mütəxəssisi özünün
lüğət tərkibi ilə dünya standartları səviyyəsində elə məşğul olsun
ki, onun bu təşəbbüsləri başqa türkdilli xalqlarla əlaqələrin
təməlini qoymuş olsun”.

Muxtar İmanov əlavə edib ki, akademik Ağamusa Axundov dilçilik
və ədəbiyyatşünaslıq sahəsində nadir və çox qiymətli elmi əsərləri
bizə yadigar qoyub: “Nə qədər dünya var, xalqımız var, nə qədər ki,
mədəniyyətimiz və elmimiz var, şübhəsiz ki, o əsərlər Ağamusa
müəllimi daim yaşadacaqlar. Ruhu şad olsun!”.

“Akademik Ağamusa Axundov təkraredilməz şəxsiyyətdir. O, qərb
fizionomiyası ilə şərq müdrikliyini üzvi surətdə birləşdirən
xarizmatik şəxsiyyət idi. Əlbəttə, məhz bu cür insanlar böyük alim,
vətəndaş, şəxsiyyət olurlar. Biz bu gün qədirbilənlik tədbirinə
yığışmışıq. Və əlbəttə, bu qədirbilənliyə layiq olan insan üçün
yığışmışıq”.

Bu sözləri isə AMEA Əlyazmalar İnstitunun direktoru, akademik
Teymur Kərimli deyib. Natiq deyib ki, tələbəliyi 70-ci illərə
düşənlər iki cəhətdən xoşbəxt oldular: “Birinci cəhət o oldu ki,
bizim imtahan verməyimizdən bir neçə ay əvvəl respublikada
hakimiyyətə ümummilli lider Heydər Əliyev gəldi. Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə imkansız abituriyentlərin tələbə olmaq
şansı artdı. İkinci cəhətdən bizim bəxtimiz gətirdi ki, biz nəhəng
pedaqoqlar ailəsinə düşdük. Böyük alimlərin içində
sayılıb-seçilənlərdən biri də Ağamusa Axundov idi. Bəxtim gətirdi
ki, Ağamusa müəllim mənim diplom rəhbərim oldu. Ağamusa müəllim
bizə təkcə elm öyrətmədi, həm də insanlıq dərsi keçdi. Ağamusa
Axundov kimi böyük alimimizin heykəli xalqımızın ürəyindədir”.

AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli
akademik Ağamusa Axundovun uzun illər Dilçilik İnstitutuna
rəhbərlik etdiyini diqqətə çatdırıb və indi onun vəzifəsini davam
etdirməyin məsuliyyətinin böyük olduğunu deyib: “Ağamusa müəllim
gözü-könlü tox insan idi. İnsanlara qarşı bir niyyəti vardı:
mərhəmət və həqiqət. İnsanları sevindirməyi çox sevirdi. Həzrəti
Əli deyirdi ki, elm ibadətdir. Ağamusa müəllimin elmə xidmət
edərək, ömrünü ibadətdə keçirib”.

Kürdəmir şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət
Musayeva müəllimi Ağamusa Axundov haqqında fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb.

Kürdəmir şəhər İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov
tədbirin Ağamusa Axundovun böyüyüb boya-başa çatdığı Kürdəmirdə
keçirilməsinin əhəmiyyətindən danışıb. İcra başçısı vurğulayıb ki,
Azərbaycanda elm və təhsilin inkişafı Ulu Öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Bu tarixdən əvvəl də, sonra da Azərbaycanda böyük
şəxsiyyətlər yetişib, xalqa töhfə veriblər: “Bu gün Ulu öndərimiz
Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də elmə,
mədəniyyətə, təhsilə böyük diqqət var. Bu gün akademik Ağamusa
Axundovun 90 illik yubileyinin qeyd olunması həmin diqqət və
qayğının nümunəsidir. Ölkədə olduğu kimi, Kürdəmir torpağı da
müxtəlif sahələrdə böyük şəxsiyyətlər yetişdirib. Bu
şəxsiyyətlərdən biri olan Ağamusa müəllimin yubileyi qeyd olunur.
Ulu öndərimiz Heydər Əliyevin Ağamusa Axundova verdiyi böyük
qiymətin, göstərdiyi etimadın göstəricisidir ki, 1995-ci ildə
Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi
hazırlananda Ağamusa Axundov komissiyaya üzv seçilmişdi. Bununla da
Ağamusa müəllim Konstitusiyanın hazırlanmasına öz töhfəsini
vermişdi. Ağamusa müəllim dövlət tərəfindən yüksək dəyərləndirilib.
Ona “Şöhrət” ordeni və Dövlət mükafatı laureatı adı verilib. Təklif
olunub ki, Kürdəmir şəhərinin küçələrindən birinə akademik Ağamusa
Axundovun adı verilsin. Biz bu təklifi yüksək dəyərləndiririk.
Küçənin adının verilməsi üçün sənədləşdirmə işlərinə artıq
başlanılıb. Ağamusa müəllim təkcə Kürdəmirin yox, Azərbaycan
xalqının yetirməsidir. Onun əziz xatirəsi Azərbaycan xalqının
yaddaşında daim yaşayacaq. Allah rəhmət eləsin”.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal
Abdulla Ağamusa Axundovun ailəsi adından tədbirin təşkilinə görə
Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinə və rayon
ictimaiyyətinə təşəkkürünü bildirib: “Ağamusa müəllimin xatirəsini
yaşadan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak
etdiyi üçün Xalq yazıçısı Anara minnətdarlığımı bildirirəm. Anar
müəllimi və Ağamusa Axundovu kübarlıq, ağayanalıq, şərəf və ləyaqət
sahibi olmaq kimi anlayışlar birləşdirir. Akademik həmkarlarıma
təşəkkür edirəm ki, Ağamusa müəllim haqqında çox maraqlı, ətraflı
çıxışlar etdilər. Mən xoşbəxt adamam ki, on beş yaşımdan Ağamusa
müəllimlə təmasda olmuşam, ondan həyat dərsi almışam. O, mənim
auditoriyada müəllimim olub. Daha sonra həyatda müəllimliyimi davam
etdirib. Tale elə gətirib ki, Ağamusa müəllim xəstələnəndən sonra
Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar elmlər
bölməsinin akademik katibi mən olmuşam. Həmin bölmədə ondan sonra
çalışmaq son dərəcə rahat idi. Ağamusa müəllim elə səliqə-sahman,
elə bir iş üslubu yaratmışdı ki, 17-18 institutu birləşdirən o
bölmədə son dərəcə nikbin elmi ab-hava hökm sürürdü. Azərbaycan
dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa Axundov orada öz
yekunlaşdırıcı, inandırıcı sözünü söyləməsin, o sahəyə bir işıq
altında baxmağı təklif eləməsin”.

Akademik Kamal Abdulla Ağamusa Axundovun təvazökarlığından,
insanlara olan son dərəcə diqqət və qayğısından söz açıb: “Əgər
Ağamusa müəllim sağ olsaydı bu tədbirin keçirilməsinə razı olmazdı.
Yaxınları, dostları təsdiq edə bilərlər ki, ad günlərinə,
yubileylərinə münasibəti həmişə belə olub. Hər birinizə bir daha
minnətdaram”.

Tədbirdə eyni zamanda akademik Ağamusa Axundov haqqında dünya
alimlərinin fikirləri video-çarx vasitəsi ilə səsləndirilib,
məktəblilər tərəfindən ona həsr olunan şeirlər oxunub.

Teqlər: