Boy hormonunun defisiti uşaqlar arasında geniş yayılmış hipofiz vəzin hormon çatışmazlığıdır. Qeyd edək ki, ayrıca izolə olunmuş şəkildə və ya hipofizin digər hormonlarının çatışmazlığı ilə birlikdə rast gəlinə bilər. Adətən boy hormonunun çatışmazlığı uşaqlarda bədən üzvlərinin normal inkişafı şəraitində böyümə sürətinin anormal dərəcədə azalması ilə xarakterizə olunur. Boy hormonunun defisiti böyümə prosesini pozmaqla yanaşı, uşaqlarda həm də dişlərin inkişafını, yeniyetmələrdə isə cinsi yetişkənlik prosesini ləngidir. Bədən kütləsinin artması ilə boy arasında uyğunsuzluq yarana bilər ki, bu da piylənməyə səbəb olur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, boy artımı genetik faktorlarla əlaqəli olsa da, boy hormonunun sintezində sağlam qidalanma da olduqca əhəmiyyətlidir. Belə ki, sağlam qidalanma boy hormonunun ifrazını optimallaşdırır. Nəticədə isə orqanizmdə piy və insulin səviyyəsini tənzimləyir. Bəzi qida məhsulları isə birbaşa boy hormonunun sekresiyasına təsir göstərir. Xüsusilə də melatoninlə zəngin qida məhsullarının istehlakı tövsiyə olunur. Bu qida məhsullarına yumurta, balıq, xardal toxumu, pomidor, çərəzlər, üzüm, nar və moruq aiddir. Digər tədqiqatlar nəticəsində müəyyən edilib ki, triptofanla zəngin qidalar da boy hormonunun səviyyəsini artırır. Triptofanla zəngin qida məhsullarına isə yumurta, süd, taxıl, lobya, ət və s. daxildir.
Beləliklə, qidalanma amili də böyüməni təmin edən əsas faktorlardandır. Ona görə də sağlam böyümə və inkişaf üçün mühüm rol oynayan qidalı maddələrlə zəngin olan məhsulların istehlakı zəruridir. Müəyyən bir dövrdən sonra boy artımı prosesi dayansa da, bəzi qida məhsulları boyu normal həddə saxlayır, eləcə də sümük və damarların sağlamlığını qoruyur. Məsələn, zülal sağlam inkişaf prosesində açar rol oynayır. Kalsium, D vitamini, maqnezium və fosfor kimi digər qidalı mikroelementlər də sümüklərin sağlamlığını təmin edir və böyümə prosesində həlledici rol oynayır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, fermentləşdirilmiş məhsullarda rast gəlinən və faydalı bakteriyaları özündə cəmləşdirən probiotiklər də uşaqlarda boy artımını sürətləndirə bilər.
Böyümə, boy artımına müsbət təsir edən əsas qida məhsulları aşağıdakılar sayılır:
Lobya çox qidalı məhsul olub, əsas zülal mənbəyi hesab edilir. Sübut edilib ki, zülal uşaqlarda böyüməni tənzimləyən əhəmiyyətli bir hormon olan insulinə bənzər böyümə faktoru 1 (IGF-1) səviyyəsini artırır. Lobya dəmir və B vitamini ilə də zəngindir. Qeyd edək ki, dəmir çatışmazlığı ilə xarakteriza olunan anemiya uşaqlarda boy artımını ləngidə bilir.
Toyuq əti zülal və digər faydalı maddələrlə zəngindir. Həmçinin tərkibində böyümə və inkişaf üçün zəruri sayılan suda həll olan B12 vitamini də ehtiva edir. Toyuq əti taurin, aminturşu ilə də zəngindir. Bu da sümüklərin formalaşmasının və inkişafının tənzimlənməsində olduqca faydalıdır.
Badam boy üçün vacib olan vitamin və minerallarla zəngindir. Bir çox faydalı yağlardan başqa, çoxlu miqdarda manqan və maqneziuma da malikdir. Badamın tərkibi antioksidant təsirə malik yağda həll olan E vitamini ilə də zəngindir. Qeyd edək ki, bu vitaminin çatışmazlığı uşaqlarda boy artımında ləngiməyə səbəb olur. Badam sümüklərin sağlamlığı üçün də olduqca faydalıdır. Müəyyən edilib ki, badam istehlakı sümük toxumasını dağıdan osteoklast hüceyrələrinin əmələ gəlməsini inhibirləşdirir.
Yarpaqlı tərəvəzlər – ispanaq, kələm kimi tərəvəz bitkilərinin tərkibi C vitamini, kalsium, dəmir, maqnezium və kaliumla zəngindir. Xüsusilə də kalium sümük sıxlığını artıraraq, boy artımı prosesini tənzimləyir. Hətta 103 nəfər qadının iştirakı ilə aparılmış tədqiqat işində müəyyən edilib ki, yarpaqlı tərəvəz istehlak edən qadınlarda sümük kütləsinin azalma riski daha azdır.
Yoğurt boy üçün vacib bir neçə komponenti özündə birləşdirən, o cümlədən faydalı bakteriya növlərindən biri olan probiotiklərlə zəngindir. Sübut edilib ki, probiotiklər yalnız bağırsaq funksiyası və immun sistemi üçün faydalı deyil, həm də uşaqlarda boy artımı prosesinə də stimul verir. Yoğurt sümükdə metabolizm prosesində iştirak edən kalsium, maqnezium, fosfor və kaliumla da zəngindir.
Şirin kartof A vitamini ilə olduqca zəngindir ki, bu da sümüklərin sağlamlığı üçün çox faydalıdır və boy artımını tənzimləyir. Lif tərkibli olduğuna görə həzm sisteminin sağlamlığına təsir edir və nəticədə faydalı bağırsaq bakteriyalarının inkişafına səbəb olur. Bağırsağın sağlam mikrobiomunun tənzimlənməsi isə qida maddələrinin sorulması prosesini yaxşılaşdırır ki, bu da böyümə və inkişaf üçün əhəmiyyətli olan mineral və vitaminlərin mənimsənilməsi üçün vacib amildir.
Kinoa toxumu orqanizm üçün vacib olan 9 əvəzedilməz aminturşuları ehtiva edir. Həmçinin sümüklərin mineral tərkibi üçün faydalı olan maqneziumla zəngindir. Manqan, fol turşusu və fosfor ehtiva etdiyindən sümüklərin sağlamlığı baxımından da faydalı hesab edilir.
Yumurta böyümə üçün vacib sayılan bir çox vitamin və minerallarla, zülallarla zəngindir. Yumurtanın tərkibində D vitamini də mövcuddur. Bu da kalsiumun mənimsənilməsini sürətləndirir və skeletin sağlamlığını təmin edir. Tədqiqatlar nəticəsində məlum olub ki, 6 ay müddətində qida rasionuna az miqdarda əlavə edilmiş D vitamini uşaqlarda böyümə prosesini sürətləndirib. 874 nəfər uşağın iştirakı ilə aparılmış digər tədqiqatda isə sübuta yetirilib ki, yumurtanın mütəmadi istehlakı aylıq boy artımına öz təsirini göstərir.
Giləmeyvələr – qaragilə, çiyələk, moruq və böyürtkən kimi giləmeyvələr bir sıra qidalı maddələrlə, K vitamini, lif, manqan, eləcə də hüceyrələrin böyüməsi və bərpasını tənzimləyən C vitamini ilə zəngindir. C vitamini orqanizmdə kollagen sintezini də artırır. Sübuta yetirilib ki, kollagen sümüklərin sıxlığını artırır və sümüklərin sağlamlığında mühüm rol oynayır. Bu da boy artımı prosesinə müsbət təsir göstərir.
Qızılbalıq selen, kalium, B vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıq növlərindən biridir ki, böyümə və inkişaf prosesində əvəzedilməz rol oynayır. Tədqiqat nəticələrinə əsasən, Omeqa-3 yağ turşuları sümüklərin sağlamlığında mühüm rol oynayır və maksimal böyümə üçün sümük toxumasının yenilənməsini tənzimləyir. Omeqa-3 yağ turşularının azlığı uşaqlarda yuxu problemləri riskini artırır ki, bu da bilavasitə boy artımına mənfi təsir göstərir. Qeyd edək ki, yaxşı gecə yuxusu boy hormonunun sintezini aktivləşdirən vacib amillərdəndir.
Süd tərkibində sümüklərin sağlamlığı üçün əvəzedilməz olan kalsium, fosfor, maqnezium kimi minerallara malik olduqca faydalı məhsullardan biridir. Süd zülallarla da zəngindir. Belə ki, 1 stəkan (244 ml) südün tərkibində 8 qram qidalı maddələr var. Tədqiqatlar göstərir ki, inək südü uşaqlarda böyümə prosesini sürətləndirir, həmçinin əzələ kütləsini artırır.