Borrellin sərhəd açıqlaması: AB planını ifşa etdi

Borrellin sərhəd açıqlaması: AB planını ifşa etdi

12 fevralda Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan sərhədçilərinə snayper atəşi və bir əsgərimizin yaralanması insidentinin səbəbləri sırasında Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşünə “hazırlıq” və “müzakirə mövzusu” yaratmaq niyyətinin də olduğunu bildirmişdik.

Belə ki, sözügedən ərazi Avropa Birliyinin müşahidə missiyasının fəaliyyət dairəsinə aiddir və ərazidə baş verən atışmadan AB missiyası təbliğat, daha sonra isə Ermənistan Baş nazirinin “güzgü prinsipi” ilə orduların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün istifadə etməsinin planlaşdırıldığı ehtimalı vardı.

Bu gün AB diplomatiyasının rəhbəri Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bu mövzuya toxunmaqla planı faktiki olaraq deşifrə etdi. Borrell bildirib ki, Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi.

O vurğulayıb ki, Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin ötən gün baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb:

“Bu, bir daha qüvvələrin təcili çıxarılmasının zəruriliyindən (? – red.) xəbər verir. Avropa Birliyinin suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması prinsipləri əsasında uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiq etməyi zəruri hesab edirəm. Bu yaxınlarda AB-nin Ermənistandakı missiyası yenilənib, onun tərkibi artıb və o, münasibətlərin normallaşdırılması səylərini dəstəkləyən mühitin yaradılmasına töhfə verməkdə davam edəcək”.

Bu arada həm Ermənistan XİN, həm də Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd insidenti ətrafında təbliğat qurmağa çalışmaları ilə diqqət çəkirlər.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü ser Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bugünkü sərhəd insidenti haqda bildirib ki, bu gün səhər tezdən Azərbaycan “PUA-lardan istifadə etməklə lokal, lakin genişmiqyaslı atışmalara başlayıb” və “təəssüf ki, dörd hərbçi həlak olub”:

“Dörd əsgərin həyatına son qoyan bugünkü hadisə təkcə sülhə nail olmaq üçün siyasi iradənin olmamasından deyil, həm də Azərbaycanın düşmənçiliyi və hərbi eskalasiyanı dərinləşdirmək niyyətindən xəbər verir. Bunu dünən və bu gün baş verən hadisələr sübut edir. Ötən gecə Azərbaycan mətbuatı bu gün insident baş verən ərazidə erməni hərbçinin Azərbaycan mövqeləri istiqamətində atəş açması ilə bağlı məlumat yayıb. Bundan dərhal sonra Ermənistan Hərbi Polisi bəyan edib ki, bu məlumat əsasında Müdafiə Nazirliyindən hər hansı bir gərginliyə yol verilməməsi, təxribatlara uyulmaması barədə çox ciddi göstəriş olduğu üçün araşdırmalara başlanılıb. Və bu, Ermənistanın çox açıq siqnalı idi və Hərbi Polisin press-relizində açıq şəkildə qeyd edilirdi ki, bu fakt sübuta yetirilərsə, bütün hüquqi nəticələrlə nizam-intizamın pozulması deməkdir. Amma buna baxmayaraq, bu gün səhər tezdən Azərbaycan PUA-lardan istifadə etməklə yerli, lakin genişmiqyaslı atışmalara başlayıb və dediyim kimi, təəssüf ki, dörd hərbçi həlak olub.

Söhbət hətta dünən axşam Azərbaycan mediasının təqdim etdiyi insidentdən də getmir, çünki bizim çox uzun və mürəkkəb sərhədimiz var və kimsə eskalasiyaya, sülh prosesinin pozulmasına bəhanə axtarırsa, həmişə tapacaq”.

Göründüyü kimi, hər şeyin planlaşdırıldığı kimi getməsinə yalnız və yalnız DSX-nin ortaya qoyduğu sübut – erməni snayperin atəş açmasının anbaan videosu mane olur. Bu fakt Azərbaycanı tam eskalasiyada ittiham etməyə imkan vermir, əvəzində isə, “araşdırma aparılırdı, Azərbaycan gözləmədi, bəhanə tapdı” kimi ifadələrdən istifadə edilir.

Halbuki Azərbaycan DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilənlər “Yerkrapa”nın üzvləridir və əsgər sayılmırlar. Ermənistan MN-in açıqlamasına görə, ölənlər Arutyunyan Eduard Hamletoviç 1974-cü il, Manukyan Qaqik Varazdatoviç 1982-ci il, Ambartsumyan Arsen Qagik 1979-cu il, Ohanesyan Qraçya Talışeviç isə 1957-ci il təvəllüdlüdür: yəni 42, 45, 50 və 66 yaşında şəxslərdir.

“Yerkrapa” “könüllüləri” sərhəddə niyə durmalı və Ermənistan MN-in nəzarətindən kənarda istədiklərini etməlidir?

Bu sualların heç birinə aydınlıq gətirilmir və Ermənistan sərhədə terrorçuları yerləşdirdiyinin də üzərindən keçir. Halbuki Azərbaycan DSX sərhəddəki terrorçuları zərərsizləşdirib.

Digər tərəfdən, hadisə 12 yanvar saat 13:37-də baş verib, mediaya rəsmi açıqlama isə 17-dən sonra verildi. Demək, Ermənistanın Azərbaycan bu haqda məlumatı yayana qədər və bütün axşam ərzində cavab imkanı vardı. Ortada video-sübutlar təqdim edilmişdi və Ermənistan Hərbi Polisi səmimi araşdırma üçün artıq axşam saatlarında kimlərinsə həbs olunduğunu elan edə, ən azı rəsmi XİN səviyyəsində Azərbaycandan üzr istəyə bilərdi.

Ermənistan isə fakt-sübut ortada olduğu halda “araşdırılacağı və sübut ediləcəyi halda” vədini verirdi. Hansı sübutetmə lazım idi?

Yeri gəlmişkən: sərhədə yerləşdirilən “Yerkrapa” terrorçuları “təsadüfən” Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə getdiyi gün atəş açmaq qərarı verdilər. Bunun “təsadüf” olduğuna kimsə inanırmı?

Teqlər: