Borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi müzakirə edilib

Mayın 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar
Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb.

Dövlət Vergi Xidmətindən AzerTimes-a verilən məlumata görə, görüşdə
ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının
nümayəndələri iştirak ediblər. DVX rəisi bildirib ki, görüşün əsas
məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha
ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının
formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bank
sektorunun təmsilçiləri ilə görüş üçün təşəkkürünü bildirib,
qaldırılan bir çox məsələlərin təkcə bank sektoruna deyil,
ümumilikdə “kölgə iqtisadiyyatı” İlə mübarizə kontekstində vergi
ödəyicilərinin fəaliyyəti ilə bilavasitə bağlı olduğunu qeyd
edib.

Görüşdə bank sektoru qarşısında duran bir sıra məsələlər, o
cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak
və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar
arasında hesabların açılması üzrə məlumat mübadiləsinin
sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına
sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün
sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi,
beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması
zamanı tətbiq olunan prosedurlar və s. məqamlar müzakirə edilib.
Qeyd olunub ki, DVX ilə yanaşı, bank sektoru da vergi
ödəyicilərinin şəffaf fəaliyyətində, dövriyyələrin “ağardılması”nda
maraqlıdır və bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı yüksək
qiymətləndirilir.

Orxan Nəzərli qaldırılan məsələlərlə bağlı DVX-nin mövqeyini
açıqlayıb, bir sıra məqamlarla əlaqədar izahedici mövqelərin
hazırlanması və banklara göndərilməsi razılaşdırılıb. Dövlət Vergi
Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Vergi
siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Bəyannamələr və kameral
vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi Zaur Fətizadə,
habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış
məsələlərlə bağlı müvafiq şərhlər veriblər. Geniş və detallı
müzakirəsi tələb olunan məsələlər barədə isə qurumlar arasında işçi
qrupun yaradılması və birgə əməkdaşlıq çərçivəsində işlərin davam
etdirilməsi qərara alınıb.

Görüş müzakirələrlə davam etdirilib, vergitutmanın müxtəlif
aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Teqlər: