Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankovun görüşü olub.
Nazir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfəri qeyd edib. Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilmiş ərazilərimizdə geniş miqyaslı bərpa-quruculuq prosesinin həyata keçirildiyini diqqətə çatdırıb.
O, ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə elektron sistemlər, sosial müdafiə və aktiv əmək bazarı proqramları barədə səfirə məlumat verilib.
Azərbaycanla Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirən S.Babayev ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyini bildirib. O, iki il əvvəl, 2019-cu ilin noyabr ayında Bolqarıstanın əmək və sosial siyasət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu deyib. Səfər zamanı növbəti əməkdaşlıq sənədi kimi pensiya təminatı haqqında Sazişin də imzalandığını bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstanın Əmək və Sosial Siyasət Nazirliyi arasında ötən illərdə imzalanmış əməkdaşlıq Memorandumunun icrası çərçivəsində Fəaliyyət Proqramı layihəsinin hazırlandığı diqqətə çatdırılıb. Əmək miqrasiyasının tənzimlənməsi sahəsində Saziş layihəsi, gələcəkdə yeni əməkdaşlıq sənədləri ilə sosial sahədə əməkdaşlığa dair müqavilə-hüquq bazasının genişlənəcəyi qeyd edilib.
N.Yankov iki ölkə arasında münasibətlərin daim inkişaf etdiyini və əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrinin genişlənməsinin qarşılıqlı əhəmiyyətini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.