Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ağdam və Tərtər şəhərlərində yerində araşdırmalar aparıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilmiş səfər zamanı Ağdamda işğal dövründə Ermənistan tərəfindən dağıdılmış, talan edilmiş yaşayış məntəqələrinə, sosial obyektlərə, tarixi və dini abidələrə baxış keçirilib.

Nümayəndə heyəti Ağdam Cümə və Qiyaslı məscidlərinə baş çəkərək, işğal zamanı Ermənistanın dini abidələri dağıtması və təhqir etməsi faktları ilə yerində tanış olub. Daha sonra Pənahəli xanın məqbərəsinin, Çörək muzeyinin binalarına baxış keçirilib, nümayəndə heyətinə həmin abidələrin tarixi və işğal dövründə qəsdən dağıdılması ilə bağlı məlumat verilib. Bununla yanaşı, Ağdamda Şəhidlər xiyabanı ziyarət edilib.

Daha sonra nümayəndə heyətinin yerində araşdırmaları Tərtər şəhərində davam etdirilib. Ötən il Vətən müharibəsi dövründə şəhərdə ağır artilleriya hücumlarına məruz qalmış yaşayış evlərinə baxış keçirilib. Həmin müharibə dövründə Tərtər şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dağılmış qəbirlərə də baş çəkilib.

Yekunda nümayəndə heyətinə Ermənistanın həmin dövrdə Tərtərdə mülki obyektləri hədəfə aldığı raket və digər partlamamış sursat qalıqları nümayiş etdirilərək, ətraflı məlumat verilib.

Teqlər: