Bolqarıstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, seçkilərdə “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyası Demokratik qüvvələrin İttifaqı ilə koalisiyada qalib gəlib.

Bolqarıstanın 45-ci Xalq Məclisinə (parlament) ümumilikdə altı siyasi birləşmənin nümayəndələri seçiliblər. “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyasına seçicilərin 26,18 faizi (837 mindən çox seçici) səs verib, partiya parlamentdə 75 deputatla təmsil olunacaq. İkinci yeri 17,66 faiz səslə (565 min seçici) “Belə bir xalq var” partiyası tutub, parlametndə 51 deputatla təmsil olunacaq. Üçüncü yerdə isə 15,01 səslə (480 minə yaxın seçici) Bolqarıstanın Sosialist partiyası qərarlaşıb, 43 deputatla təmsil olunacaq.

45-ci Xalq Məclisinə həmçinin 30 mandatla “Hüquq və Azadlıqlar uğrunda” hərəkat, 27 mandatla “Demokratik Bolqarıstan” partiyası və 14 mandatla “Qalx. Mafiya rədd ol” vətəndaş platforması keçiblər.


Bildirilir ki, seçkilərdə 3,334 milyon seçici iştirak edib, seçici fəallığı 50,51 faiz təşkil edib.

Deputatların tam siyahısı aprelin 11-i hazır olacaq.