Bolqarıstanda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar Bolqarıstanın simfonik orkestri və Azərbaycanın mili musiqi alətlərinin müşayiəti ilə konsert proqramı keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 15 oktyabr tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi konsert zalında Bolqarıstanın tanınmış musiqiçisi və dirijoru Minko Lambovun rəhbərliyi altında “Sofiya” simfonik orkestri və tanınmış tar ifaçısı, Azərbaycanın əməkdar artistı Sahib Paşazadənin müşayiəti ilə konsert proqramı təşkil edilmişdir.
Bolqarıstanın dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun, həmçinin Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə baş tutmuş konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilmişdir.
Tədbirdə çıxış edən səfir Hüseyn Hüseynov 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya aktına əsasən Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etdiyini söyləmişdir.
Səfir H.Hüseynov Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələrinin birgə yaşayaraq əsrlər boyu formalaşdırdığı etnik, dini və dil tolerantlığın ictimai düşüncəyə dərindən sızdığını, Müsəlman Şərqində ilk dünyəvi təhsil, opera, balet və simfonik sənət məktəbinin məhz Azərbaycanda yarandığını vurğulamışdır.
Dövlət müstəqilliyinin bərpası yolunda ilk addımlardan etibarən Azərbaycan Ermənistanın silahlı təcavüzü və etnik təmizləməsi ilə müşahidə olunan ciddi təhdid və çağırışlarla üzləşmişdir. Bu təcavüz dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-inin işğalı ilə nəticələnmişdir.
Səfir davam etmişdir ki, daxili siyasi sabitliyin təmin edilməsi, uğurlu daxili və xarici siyasət, bütün sahələrdə genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyimizin bağları tədricən möhkəmlənmiş, ordu güclənmiş və iqtisadiyyat inkişaf etməyə başlamışdır. O, Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdiyini böyük qürur hissi ilə qeyd etmişdir.
Səfir H.Hüseynov müstəqil Azərbaycan Respublikasının dünyada yaşayan bütün azərbaycanlıların qürur və ilham mənbəyi olduğunu bildirmişdir. O, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu səmərəli şəkildə həyata keçirdiyinə diqqət çəkərək bunun insanlar arasında etimad mühitinin gücləndirilməsinə xidmət etdiyini və beləliklə sivilizasiyalar arasında dialoqa mühüm töhfə verdiyini qeyd etmişdir. Azərbaycan dünyaya sübut etmişdir ki, müsəlmanlar, xristianlar və yəhudilər Azərbaycanın çox mədəniyyətlilik damı altında çiyin-çiyinə birgə yaşaya, döyüşə və Vətən uğrunda canlarından keçə bilərlər.
Səfir H.Hüseynov təqdim olunan kosert proqramında Azərbaycan və Bolqarıstan musiqiçilərinin birgə ifası ilə Qərb və Şərq musiqi mədəniyyətinin tərənnüm etməsini multikulturalizm ideyaları və dəyərlərinin parlaq nümunəsi olduğunu vurğulamışdır.
Konsert proqramı çox saylı izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.