Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə
Bolqarıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi
təbriklərimi və xoş arzularımı çatdırıram.
Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan
Respublikası ilə münasibətlərinə böyük önəm verir. Bunu son 30 ildə
ölkələrimiz arasındakı intensiv və səmərəli dialoq da təsdiq
edir.
Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin
gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli
əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il
Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni
perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək.
Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.