xarici işlər Nnaziri Ceyhun Bayramov 31 may 2022-ci il tarixində
Bolqarıstana rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Rumen
Radev tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Prezident
Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin
əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Prezident Rumen Radev dost Azərbaycan ilə əlaqələrin üç onillik
ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəvət
ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata
keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında
əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə
edib.
Nazir Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və
Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan
Prezidentinin diqqətinə çatdırıb. Nazir, Sofiyada keçirilən ikinci
strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı
fikir mübadiləsinin aparıldığını qeyd edib.
Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya
texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət
sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də
Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Bolqarıstan Prezidentinə bölgədəki
post-münaqişə vəziyyəti barədə, o cümlədən azad olunmuş ərazilərin
bərpası və yenidən qurulması və sülh quruculuğu istiqamətində
Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib.
Bolqarıstan tərəfinin azad olunmuş ərazilərin minalardan
təmizlənməsi prosesinə dəstək olmaq niyyəti yüksək
qiymətləndirilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan
Respublikası Prezidentinin təbrik məktubunu Bolqarıstan
Prezidentinə təqdim edib.