Xəbər - Ləman Zeynalova – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisində ləngimələrlə əlaqədar Bolqarıstan Azərbaycandan illik 1 milyard kubmetr razılaşdırılmış qaz həcminin yalnız üçdə bir hissəsini əldə edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli KİV-lərə deyib.
“2013-cü ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış saziş 25 il müddətinə ildə bir milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. 2020-ci il dekabrın 31-də Azərbaycan qazı Bolqarıstana daxil olmağa başlayıb. Qaz axını Komotini şəhərindən Stara Zaqorayadək IGB vasitəsilə nəql olunmalı idi. Amma interkonnektorun tikintisinin ləngiməsi ilə əlaqədar Azərbaycan qazı alternativ marşrut – Siderokastro-Kulata xətti ilə nəql olunur”, – deyə səfir bildirib.
Səfir qeyd edib ki, həmin xəttin texniki göstəriciləri qaz tədarükün tam həcmdə həyata keçirməyə imkan vermir.
“Bildirmək istəyirəm ki, IGB istismara verilən kimi, Bolqarıstan 2013-cü il sazişinə uyğun olaraq Azərbaycan qazını tam həcmdə almağa başlayacaq”, – H.Hüseynov vurğulayıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)