Bölgədə dayanıqlı sülh istəyən qüvvələr Ermənistana mövcud reallıqları qəbul etdirməlidir – Deputat

Bak. Trend:

Vətən Müharibəsindən ötən bir il ərzində bölgədə baş verən hadisələrlə bağlı ünvanlanan bütün sualları Prezident İlham Əliyev çox dolğun şəkildə cavablandırır. Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində də dövlət başçısı əsas diqqəti 1 il əvvəl müharibədən öncəki vəziyyətə yönəltdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu müharibənin başlamasının əsas səbəbi Ermənistanın yeni ərazilər işğal etmək niyyəti və çoxsaylı təxribatları idi:

“Təbii ki, münaqişənin 30 ilə yaxın bir müddətdə həll edilməməsi, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin həll prosesi istiqamətində məqsədli şəkildə fəaliyyətsizliyi vəziyyətin bu həddə çatmasına zəmin yaratmışdı. Bu reallıqdır və bu reallığı Azərbaycan Prezidenti dünyanın nüfuzlu KİV-lərinə müsahibəsində açıq şəkildə bəyan edir.

Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan vacib məqamlardan biri də on illərlə Qarabağda Azərbaycanın maddi və mənəvi irsinin dağıdılmasına göz yumulması, Ermənistanın hərbi cinayətlərinə reaksiya verilməməsidir. Bu gün əsas məsələ müharibədən sonrakı vəziyyətlə bağlıdır. Münaqişənin həllindən sonra Minsk Qrupundan əsas gözlənti regionda sülhün bərqərar olması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsidir. Lakin bu, müşahidə edilmir”.

Deputat vurğulayıb ki, vasitəçilərin bu fəaliyyətsizliyi həm də Ermənistanın 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozmasına münasibətdə də özünü göstərir. Bu gün bütün səylər erməni silahlı qüvvələrinin Azərbaycan torpağından tam çıxarılması, Zəngəzur dəhlizinin açılması istiqamətində birləşdiriməlidir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hələ ki, bu məsələlərdə səbr və təmkin nümayiş etdirir, ancaq bu, daimi ola bilməz”.

K.Nurullayeva əlavə edib ki, özünü təcrid vəziyyətinə salan Ermənistan yeni yaranmış reallığa uyğun davranışlar sərgiləməlidir:

“Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, Zəngəzur dəhlizi Ermənistanla əlaqələrin normallaşması üçün əsas şərtdir. Ermənistan bununla razılaşmağa məcburdur. Yolunu azmış Azərbaycan vətəndaşları – ermənilərin hazırki sosial durumu da təsdiqləyir ki, onların rifah halı yalnız və yalnız Azərbaycan dövləti ilə bağlıdır. Ümumiyyətlə, bölgədə dayanıqlı sülh istəyən qüvvələr Ermənistana mövcud reallıqları qəbul etdirməlidir”.

Teqlər: