Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.
Boks Federasiyasından AzerTimes-a verilən məlumata görə, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.
Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.
Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək, tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.
Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitirib. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar.
Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək.