Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
AzerTimes xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 11 ölkədən 100-dən artıq idmançı gücünü sınayıb. Beş gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.
Digər boksçularımızdan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev, Mirhəsən İbrahimov, Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.
Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və kuboka sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, ilk üçlüyü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.
Turnirdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.
Müsabiqədən kənar keçirilən 44 kiloqram çəki dərəcəsində isə finalda iki Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.