Beynəlxalq Olimpiya Komitəsi (BOK) bütün milli strukturları sülhün möhkəmlənməsinə töhfə verməyə çağırır.
AzerTimes xəbər verir ki, bu fikirləri BOK-un rəhbəri Tomas Bax Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qagik Çarukyanın Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi ilə bağlı məktubuna cavab verərkən deyib.
Baxın sözlərinə görə, BOK münaqişələrdən və müharibələrdən əziyyət çəkən insanlara dəstək verən sülh tərəfdarıdır:
“Biz ümid edirik ki, sülh yolu ilə həll yolu tapıla bilər, bunu “Olimpavan”dakı (İrəvandakı idman bazası – red.) barışıq freskaları və bütün hökumətlərə sülhlə bağlı ardıcıl çağırışlarımız sübut edir”.
Qeyd edək ki, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qagik Çarukyan Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və olimpiya hərəkatının tərəfdarlarına müraciət edərək Azərbaycanda saxlanılan erməniləri azad etmək üçün bütün siyasi və diplomatik imkanlardan istifadə etməyə çağırmışdı.