“Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb (FOTO)

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı, Türk Işbirliği ve Koordinasyon Ajansı (TİKA), Anadolu Ajansı Haber Akademiyası və Türkiye Radyo Televizyon Kurumunun (TRT) təşkilatçılığı ilə Distant Təhsil Layihəsi çərçivəsində “Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb.

AzerTimes-ın məlumatına görə, 12-14 iyul 2021 ci il tarixlərində “Zoom” platforması üzərindən videokonfrans formatında keçirilən təlimdə dünyanın bir çox ölkələrinin jurnalistləri ilə yanaşı Azərbaycan Respublikasının çap, onlayn və audiovizual media subyektlərini təmsil edən 20 jurnalist iştirak edir.

Üç günlük təlim zamanı “Böhran və münaqişə bölgələrində jurnalistika”, “Dezinformasiyaya qarşı mübarizə”, “Yalan məlumatların artmasında sosial şəbəkələrin rolu”, “Jurnalistika və etika”, “Münaqişə bölgələrində humanitar hüquq və prinsiplər”, “Beynəlxalq hüququn pozulması anlayışı”, “Axtarış və xilasetmə işləri barədə məlumatlandırma”, “Fəlakətdən xilas olan ailələrinin ehtiyac duyduğu məlumatlar”, “Münaqişə mühitində jurnalistin təhlükəsizliyi və psixologiyası”, “Böhran və münaqişəli bölgələrdən xəbər çatdırmağın yolları” və s. mövzularda media nümayəndələrinə Türkiye Radyo Televizyon Kurumunun (TRT) mütəxəssisləri tərəfindən mühazirələr oxunacaq.

İngilis dilində təşkil olunmuş beynəlxalq təlim rus, ərəb, fransız və türk dillərinə sinxron tərcümə edilir.


Layihə çərçivəsində iştirakçıların qiymətləndirilməsi (iştirak 50% / sual vermək və fikir bildirmək 50%) həyata keçiriləcək. Təlimlərdə fərqlənmiş jurnalistlərə müvafiq beynəlxalq sertifikatlar təqdim olunacaq.

Teqlər: