Xəbər - Samir Əli – Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücülərin və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərini davam etdirir.
BNA-dan AzerTimes-a bildirilib ki, mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq layihələr hazırlanaraq müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilmiş layihələrdən biri də Yusif Vəzir Çəmənzəminli ilə Səməd Vurğun küçələrinin kəsişməsini, eləcə də Səməd Vurğun ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsini əhatə edir.
“Qeyd olunan məsələ ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən hər iki yol kəsişməsinə baxış keçirilmiş, ümumi nəqliyyat şəraiti təhlil edilmiş, sutkanın pik saatlarında nəqliyyat vasitələrinin say tərkibi öyrənilmiş, sadalanan problemlər aşkar edilmişdir:
• S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsində sola dönmə manevrinə icazə verilmədiyindən Ak.H.Əliyev küçəsinə istiqamətlənmək istəyən nəqliyyat vasitələrinin S.Vurğun ilə Y.V.Çəmənzəminli küçəsindəki mövcud geriyə dönmə yerindən istifadə etməsi;
• Konflikt nöqtələrinin mövcudluğu və sözügüdən yol kəsişməsinin həndəsi ölçülərinin xüsusilə uzunölçülü nəqliyyat vasitələrinin birbaşa geriyə dönmə manevrini yerinə yetirmələrinə imkan verməməsi səbəbindən yolayırıcında sıxlıq hallarının yaranması;
• Yol nişanlarının çatışmazılığı;
• nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə park edilməsi;
• piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməməsi.
Layihə çəçivəsində:
• Y.V.Çəmənzəminli və Səməd Vurğun küçələrinin kəsişməsində artan nəqliyyat intensivliyi və kəsişmədə olan ümumi nəqliyyat şəraiti nəzərə alınaraq, svetofor obyektləri quraşdırılmış, bununla da, konflikt nöqtələri aradan qaldırılaraq hərəkət növbəliliyi təmin edilmiş;
• S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsindən birbaşa sola icazə verilərək nəqliyyat vasitələrinin Y.V.Çəmənzəminli küçəsinə istiqamətlənib əlavə məsafə və zaman sərf etməsinin qarşısı alınmış, eləcə də Y.V.Çəmənzəminli küçəsindəki mövcud geriyə dönmə yerində nəqliyyat sıxlığı azaldılmışdır.
• Həmçinin, hər iki kəsişmədə müvafiq yol nişanları quraşdırılmış, kəsişmələrdə və kəsişmələrin yaxınlığında xaotik parklanmaya nəzarət gücləndirilmişdir.