Xəbər - Fərid Zöhrabov – Trend:
Ötən gün səhər saatlarında hava limanı – Mərdəkan yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə qəza baş verən vaxt avtobus dayanacaqdan kənar saxlamaq istəyib.
Yayılan məlumatlara aydınlıq gətirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, ümumilikdə müntəzəm marşrut xətləri üzrə avtobuslar təyin edilən qrafik üzrə hərəkətdə olan zaman müəyyən olunan dayanacaq məntəqələrində hökmən dayanmalıdır:
“Sərnişinlərin mindirilib-düşürülməsi də dayanacaq məntəqələrində olmalıdır. Təhlillərə əsasən qeyd edim ki, bu gün daha çox nağd ödəniş sistemində olan xətlər üzrə avtobusların dayanacaqdan kənar saxlaması hallarına rast gəlinir. Bunun özü sərnişindaşımalarda nağdsız ödənişin tətbiqinin vacibliyini göstərir. Həmçinin, bildirim ki, dayanacaqdan kənarda saxlama halları tərəfimizdən aşkarlandıqdan İXM-nə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilir.
Konkret bu qəzada isə yayılan videodan da aydın görünür ki, avtobus normal zolaq üzrə hərəkətdə olan zaman arxadan yük avtomobili ona çırpılır. İnsanların köşkün qarşısında toplanması o demək deyil ki, avtobus da məhz köşkün yanında saxlayacaqdı. Biz dəfələrlə şahidi olmuşuq ki, sərnişinlər dayanacaqdan aralı dayanır amma avtobus buna baxmayaraq onun üçün təyin olunmuş məntəqəyə daxil olur”.
Qeyd edək ki, dünən səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.