BMT TŞ bu faktları qeydə alsa… – Martirosyan narahatdır

BMT TŞ bu faktları qeydə alsa… – Martirosyan narahatdır

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə bu gün, avqustun 16-da Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.

AzerTimes xəbər verir ki, Ermənistan bu müraciəti edənə qədər müəyyən “şou-təbliğat” addımları atmış, beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn kampaniya aparmışdı və hazırda da bu prosesi davam etdirir. Bunlardan biri də “humanitar yük” adı ilə 26 iyulda Xankəndiyə göndərilən TIR-ların hələ də Azərbaycan sərhədində saxlanılmasıdır.

Ermənistan cidd-cəhdlə Qarabağın erməni icması yaşayan ərazisində “ərzaq çatışmazlığı” iddiasını irəli sürür, buna baxmayaraq, təklif edilən Ağdam-Xankəndi marşrutundan imtina edir.

2003-2009-cu illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olmuş fövqəladə və səlahiyyətli səfir Armen Martirosyan deyib ki, hüquqi nöqteyi-nəzərdən BMT Nizamnaməsində bir neçə növ qərar nəzərdə tutulur:

“İcrası məcburi olmayan bəyanat, məşvərətçi qərar, icrası məcburi olan qətnamə. Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri kimi sizi əmin edə bilərəm ki, təşkilati baxımdan hansı problem qoyulursa, onun uğuru Təhlükəsizlik Şurasının 10 qeyri-daimi və 5 daimi üzvü olan dövlətlərlə görülən ilkin işdən asılıdır. 5 daimi üzvün veto hüququ var. Ümid edək ki, bu, (Ermənistanın BMT TŞ-yə müraciəti – red.) bədahətən deyil, müxtəlif paytaxtlarla əvvəlcədən hazırlanmış ərizədir. Xatırladaq ki, Rusiya da BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər sırasındadır”.

Armen Martirosyan vurğulayır ki, rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasına hansı məqsədlə müraciət etməsi son dərəcə vacibdir, əks halda bu, Qarabağ və Ermənistan üçün təhlükəli tələyə çevrilə bilər:

“Tutaq ki, Təhlükəsizlik Şurası öz qərarında bəzi faktları göstərə bilər ki, bu da bizim üçün dönməz nəticələrə gətirib çıxarar”.

Martirosyan “düşmənə” (Azərbaycana – red.) ipucu verməmək üçün bu faktlara toxunmayıb:

“Ümid edirəm ki, diplomatlarımız, Xarici İşlər Nazirliyi bütün məsələləri diqqətlə hesablayıb və bu işi davam etdiriblər”.

O, Rusiyanın veto qoya biləcəyi haqda Ermənistan cəmiyyətində yayılan məlumatlara da münasibət bildirib:

“Bu, həm də bizim nə istədiyimizdən, bütün beş daimi üzvün maraqlarının təmin edilməsindən asılıdır. Ona görə də deyirəm ki, hər şey müraciətdən, hansı məqsəd güdülməsindən asılıdır”.

Qeyd edək ki, BMT TŞ-nin bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq iclasına Ermənistan XİN rəhbəri də qatılacaq.

Teqlər: