BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

Azərbaycanda sosial sahədə aparılan islahatlarda BMT qurumları ilə formalaşan əməkdaşlıq gündəliyi son illərdə yeni birgə layihələrlə xeyli genişlənib və fəal əməkdaşlıq təcrübəsi qarşıdakı dövrdə də davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi kimi ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran Qulam İsakzai ilə vida görüşündə vurğulayıb.

Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir ötən dövrdə Nazirliyin BMT-nin müxtəlif təşkilatları ilə əməkdaşlığından bəhs edib. S.Babayev BMT İnkişaf Proqramı (BMT İP) ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrinin gənclərin əmək bazarına və həssas qrupların kiçik biznesə çıxışına mühüm dəstək olduğunu deyib. Hazırda əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin olunmasına dəstək üçün BMT İP ilə əməkdaşlıqda daha bir layihənin davam etdiyini bildirib.
S.Babayev həmçinin BMT Əhali Fondu ilə birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də çox önəmli bir layihə olduğunu vurğulayıb. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönəlmiş fəaliyyətdə BMT Əhali Fondu ilə əməkdaşlığın müsbət nəticələrini diqqətə çatdırıb.

Nazir uğurlu əməkdaşlıq təcrübəsinə nail olunmasında Q.İsakzainin səmərəli fəaliyyətini, ikitərəfli əlaqələrin inkişafı üçün göstərdiyi səyləri vurğulayıb. Buna görə Q.İsakzaiyə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Q.İsakzai xoş sözlərə görə minnətdarlıq ifadə edib. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu diqqətə çatdırıb. Xüsusilə də ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin onun üçün yaddaqalan əlamətdar hadisə olduğunu vurğulayıb. Q.İsakzai sosial sahədə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrin daim genişlənəcəyinə əminliyini bildirib

Teqlər: