Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün BMT-nin Yaşayış Məskənləri Proqramının (UN-HABITAT)
icraçı direktoru (BMT Baş katibin müavini statusunda) xanım
Maimunah Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam
şəhərinə səfər etdi.
AzerTimes-ın
məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
bildirib ki, qonaqlar şəhərin əsas hissələri, həmçinin şəhərin baş
planı ilə tanış edilib.
“Qonaqları Ağdam şəhərində törədilən urbisidin bariz nümunələri
ilə tanış etdik. Bilirsiniz ki, UN-HABITAT məhz urbanizasiya, şəhər
quruculuğu ilə bağlı XXI əsrdə yaranan çağırışlarla məşğul olan
beynəlxalq təşkilatdır.
Bu səfər zamanı, həmçinin, Ağdam və işğaldan azad olunmuş digər
ərazilərdə gedən bərpa-quruculuq işləri ilə onları da tanış elədik.
Azərbaycan Hökumətinin bu bərpa prosesinə yanaşmasını və idarəetmə
mexanizmini izah elədik. Eləcə də bu təşkilatların Azərbaycan
təcrübəsindən bəhrənə biləcəkləri barədə fikir mübadiləsi
apardıq.
Ümid edirəm ki, qonaqların bu səfəri onlar üçün faydalı olacaq.
Əlbəttə ki, bu torpaqlarda 30 il ərzində törədilmiş vandalizm
faktları danılmazdır. Amma, eyni zamanda, biz gələcəyə baxmalıyıq.
Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz bu torpaqlarda
gözəl şəhərlər, kəndlər quracaq. Sözsüz ki, bütün bunların məqsədi
vətəndaşlarımızın tez bir zamanda dədə-baba torpaqlarına
qayıtmasıdır. Məqsədimiz odur ki, Qarabağa həyat qayıtsın. Bu,
artıq baş verir və beynəlxalq təşkilatlar da bunun şahidi oldular”,
– deyə E.Hüseynov bildirib.