BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa və dialoqa qayıtmağa çağırıb

Moldovaya səfərə gələn BMT-nin baş katibi Antonio Quterreş
Ukraynada hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa
uyğun olaraq dialoqa başlamağa çağırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə A.Quterreş Kişinyovda
Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə birgə mətbuat
konfransında deyib.

“Qarşılıqlı hörmətə əsaslanan dialoq və əməkdaşlıq Avropada və
bütün dünyada təhlükəsizliyin əsasını təşkil edir. Beynəlxalq
hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq razılaşmaların müzakirəsi
üçün dialoq lazımdır. Mən regional tərəfdaşları sabitlik naminə bu
prosesi dəstəkləməyə çağırıram”, – deyə baş katib qeyd edib.

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi və
onların “bütün dünya üçün nəticələri çox böyükdür, sosial-iqtisadi
vəziyyətə təsiri Moldovada artıq hiss olunur”. A.Quterreş Moldovaya
ukraynalı qaçqınların axını ilə bağlı çətinliklərin öhdəsindən
gəlməyə kömək etməyə hazır olduğunu açıqlayıb.