Güney Azərbaycan Cümhuriyyət Partiyasının insan haqları departamentinin nümayəndəsi Araz Yurdsevən BMT-də çıxış edib. Dünyanın bir çox ölkələri onun çıxışını Azərbaycan dilində eşidiblər.
Bu barədə AzerTimes-a partiyanın sədri Araz Ataxan məlumat verib.
O bildirib ki, BMT tribunasından 35 milyon əhalisi olan Güney Azərbaycanın haqq səsi, rejim tərəfindən üzləşdiyi mədəni, sosial və siyasi həyatın müxtəlif sahələri üzrə haqsızlıq diqqətə çatdırılıb:
“Təəssüflər olsun ki, 35 milyondan çox Güney Azərbaycan xalqı ciddi ayrı-seçkilik və pozuntularla üzləşməkdədir. Belə ki, Urmiya gölü artıq bir neçə vaxtdır ki, qlobal miqyasda İran rejiminin ekosidi ilə üz-üzədir. Urmiya gölünə axan bütün su qaynaqlarının önündə İran rejimi tərəfindən çoxlu süni bəndlər tikilib. Bu da böyük bir ekaloji fəlakətə və quraqlığa gətirib çıxartdı. Əslində, Urmiya gölünə axan təbii dağ çayları və sularının önündə bu kimi süni bəndlərin tikintisi Güney Azərbaycana qarşı İran dövlətinin açıq bir düşmənçiliyi ilə həyata keçirilən hiylə layihəsidir. Urmiya kimi tarixi bir göl qəsdən qurudulur və bölgənin torpaqlarının başdan-başa səhralaşmasına yol açılır. Bu isə Cənubi azərbaycanlıların öz tarixi yurdlarını kütləvi şəkildə tərk etməsinə və ya Urmiya bölgəsi insanlarının elliklə köçürülməsinə (miqrasiyasına) rəvac verir. Bu səbəbdən də İran rejimi tərəfindən Urmiya gölünün canlandırılması üçün dövlət olaraq heç bir tədbir görülmür. Bunun qarşılığında Ərəb körfəzindən kilometrlərlə uzağa su çəkib, fars bölgələrində süni göllər tikmək üçün xəzinədən milyardlarla dollar vəsait ayırır”.
Partiya mənsubu BMT-nin tribunasından Azərbaycan dili ilə bağlı problemlərə də diqqət çəkib:
“Güney Azərbaycan xalqının ikinci ən böyük problemi ana dilindən mərhum edilməsidir. Güney azərbaycanlılar ana dilində təhsil almaqda ciddi şəkildə şiddət və qadağalarla üzləşirlər”.
Məruzəçi Güney Azərbaycanın maddi və mənəvi sərvətlərinin talanmasından, işsizlik, korrupsiya və cinayət halların artmasından da söz açıb:
“Quzey və Güney azərbaycanlıların eyni millət olduqlarını diqqətə çatdırmaqla yanaşı, vurğulamaq istərdik ki, bölünmüş bir millət olduğumuzu hər kəs bilməlidir. Beləcə, Güney Azərbaycandakı xalqımız da quzeyli soydaşlarımız kimi, eyni hüquqlardan istifadə etməlidir. Xalqımız öz müqəddəratını təyinetmə hüququnu əldə etməklə, İran rejimi tərəfindən hüquq müdafiəçilərinin qanunsuz həbsinə, edamlara, qadınların hüquqlarının pozulmasına və açıq şəkildə işgəncələrə son qoyacaqdır”.