Sərhəd buraxılış məntəqəsi Azərbaycanın öz suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək kimi fundamental hüququ çərçivəsində yaradılıb və Ermənistan tərəfindən qanunsuz olaraq Azərbaycan ərazisinə yerləşdirilən 10 minə yaxın hərbi qulluqçunun rotasiyasının, onların ölkəyə keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin Qarabağdakı humanitar vəziyyətlə bağlı hazırda davam edən iclasında deyib.
“BMT Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixli yekdil qərarı ilə Ermənistan tərəfinin Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edərək, keçid məntəqəsinin ləğvi üçün müvəqqəti tədbirlər görmək tələbini rədd edib”, – Yaşar Əliyev vurğulayıb.
O qeyd edib ki, sərhəd keçid məntəqəsinin yaradılması Laçın yolu ilə mülki əhalinin keçidinə heç də mane olmayıb:
“15 iyun 2023-cü ilə qədər belə keçidlərin faktiki sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlılarına hücumu erməni təxribatlarının növbəti nümunəsi oldu. Hücum nəticəsində bir azərbaycanlı sərhədçi ağır yaralanıb və BQXK-nın əməkdaşları və keçid məntəqəsindən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb”.
Yaşar Əliyev bildirib ki, əgər Ermənistan, həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi:
“Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir”.