BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal
peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi
yüksək səviyyəli tematik müzakirələr keçirilib.

AzerTimes xəbər verir
ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv
dövlətlər adından videoformatda çıxışı təqdim olunub.

Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin
çıxışı

-Cənab Sədr.

Cənab Baş katib.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf
duyuram.

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri
cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal
peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin
keçirilməsi təşəbbüsünü təqdir edir. Bu toplantı dünyada COVID-19
əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan
peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi
ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında
saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə
dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT
sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya
Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı
multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq
ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə
mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından
bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının
keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan
Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş
“COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin
edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər
adından irəli sürülmüşdür.

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal
yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin
tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin
görülməli olduğunu göstərir.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan
ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik
beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan
qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı
İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane
olur.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və
pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas
səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi
vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal
əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam
etdirilməsi də daxil edilməlidir.

Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin
səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və
orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə
təşviq edirik.

Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin
məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin
olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar
Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti
konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik.
Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə
üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına
COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini
alqışlayırıq.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti
tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq
peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması
məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.
COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və
universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız
ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması
ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni
dərəcədə əhəmiyyətlidir.

Xanımlar və cənablar, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə
aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq
beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini
davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVID-19
dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə
çıxış edəcək.

Hörmətli tədbir iştirakçıları, indi isə mən ölkəm adından çıxış
etmək istərdim.

Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün
təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir.
Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq.
Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki
dozası vurulub.

COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin
dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ
dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən
istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış
edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən
bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr
bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin
təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı
bildirirəm.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək
məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı
vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir.
Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam
etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə
təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.

İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması
və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama
Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının
təşkil edilməsi üzərində işləyirik.

Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr
hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə
Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq. Bundan
sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid
edirik.

Sonda sizə iclasın uğurlu, müzakirələrin məhsuldar olmasını arzu
edirəm.

Teqlər: