BMT Azərbaycana qarşı nifrət aşılayan erməni əsilli əməkdaşlarını cəzalandırmalıdr – QHT rəhbəri

Xəbər - Samir Əli – Trend:

Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramındakı erməni
əsilli əməkdaşları sosial media və şəxsi profillərində Azərbaycana
qarşı nifrət zəminli kampaniya aparmaqla məşğuldur.

AzerTimes-ın məlumatına görə, bunu bu gün bir qrup QHT sədrlərinin
iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında
(UNDP) fəaliyyət göstərən ermənilərin Azərbaycana qarşı apardıqları
nifrət zəminində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar
BMT-nin baş katibinə etiraz toplantısında Hüquqi Təhlil və
Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.

O bildirib ki, BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas
olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra
Azərbaycana qarşı nifrət aşılayan çıxışlar edib. “Hazırda Şimali
Makedoniyada rezident nümayəndə Armen Qriqoryan Azərbaycana qarşı
çirkin kampaniya aparır. Bundan başqa, BMT-də vəzifə tutan Meri
Tabukçyan, Stepan Markaryan və digərləri BMT-dəki statuslarından
sui-istifadə edərək Azərbaycana qarşı kampaniya aparır.

Düzdür, BMT 90-cı illərdən Azərbaycanla çox yaxından əməkdaşlıq
edir, bir çox layihələrin həyata keçirilməsinə dəstək olub. Biz
bununla BMT-nin rolunu kiçiltmirik. Lakin bu qurumun əməkdaşları
Azərbaycana qarşı kampaniyaya başlayıb və biz buna etiraz edirik.
Bu əməkdaşlar cəzalandırılmalıdır. Necə ola bilər ki, BMT
əməkdaşlarının bu cür hərəkətlərinə qarşı tədbir görmür. BMT
Azərbaycanla normal əməkdaşlıq edir.

Amma təəssüf edirik ki, bu cür mənfi hərəkətlər də var. Buna
görə də BMT-nin baş katibinə bu barədə məlumat çatdırılmalıdır”,-
birlik sədri deyib.

Teqlər: