BMT, Avropa İttifaqı, Dünya Bankının ekspertlərindən ibarət missiya Azərbaycana səfərə gəlib (FOTO)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun
Qiymətləndirilməsi (RPBA) metodologiyası əsasında
qiymətləndirilməsi üzrə BMT, Avropa İttifaqı, Dünya Bankının
ekspertlərindən ibarət missiyası Azərbaycana səfərə gəlib.

Trend xəbər verir ki, səfər zamanı Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında həyata keçirilən işlər və ehtiyaclarla tanışlıq
nəzərdə tutulur.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin rəhbərliyi və Mərkəzin
nəzdində fəaliyyət göstərən işçi qrupların rəhbərləri ilə görüşü
keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət
Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat
verib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və
quruculuq işlərinin həyata keçirilməsində Qərargah çərçivəsində
mövcud qurumlararası əlaqələndirmə mexanizminin əhəmiyyətini
qonaqların diqqətinə çatdırıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov ekspert
missiyasının əhəmiyyətini vurğulayaraq nümayəndə heyətinin əraziyə
gözlənilən səfəri zamanı görülən işlərlə yerində tanış olacaqlarını
nəzərə çatdırıb.

Sonra İdarələrarası Mərkəzin işçi qrup rəhbərləri tərəfindən
qonaqlara işğaldan azad edilmiş ərazilərin mina və partlamamış
hərbi sursatlardan təmizlənməsi, Ümumi planın, şəhərlərin Baş
planlarının hazırlanması, rabitə, nəqliyyat infrastrukturunun
yaradılması, ərazinin dayanıqlı iqtisadi inkişafı, enerji təminatı,
ekoloji durumu və meşəbərpa məsələləri, tarixi və mədəniyyət
abidələrinin mövcud vəziyyəti və bərpası, ərazilərə əhalinin
qayıdışı ilə bağlı görülən işlər barədə məlumat verilib.

Daha sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərə dair
statistik məlumatlar qonaqlara təqdim edilib.

Görüşdə ekspertləri maraqlandıran suallar ətrafında fikir
mübadiləsi aparılıb. Səfərin nəticəsi olaraq ekspert missiyası
tərəfindən ilkin hesabatın hazırlanması nəzərdə tutulur.

Teqlər: