BMqT Böyük Qayıdışa dəstək verəcək

BMqT Böyük Qayıdışa dəstək verəcək

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonun Azərbaycana səfəri, Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşü böyük əhəmiyyətə malikdir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, bu görüşlər, əldə olunan razılaşmalar ölkəmizdə miqrasiya prosesinin tənzimlənməsində, mütəxəssislərin yetişməsində, eləcə də azərbaycanlı mütəxəssislərin başqa ölkələrin miqrasiya təşkilatlarında çalışmasında ciddi rol oynayacaq:

“Məlum olduğu kimi, Antonio Vitorinonu martın 1-də Prezidenti İlham Əliyevlə görüşəndə vacib təkliflərlə çıxış etdi. O bildirdi ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının həyata keçirilməsi prosesinə dəstək verə bilər. Vurğuladı ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır. İndiki məqamda dünyanın nüfuzlu bir qurumunun Qarabağa qayıdış prosesinə dəstək verməsi siyasi baxımdan da əhəmiyyətli məsələdir.

Antonio Vitorino görüşdə ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanlarının artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini dedi. Eyni zamanda azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və qurumun digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirildi.

Antonio Vitorinonun xarici işlər naziri Ceyhun Bayramovla görüşündə BMT-nin qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə olundu. Antonio Vitorino rəhbərlik etdiyi təşkilatın gələcəkdə də miqrasiya proseslərinin idarə olunması sahəsində Azərbaycan hökumətinə dəstəyi davam etdirməyə hazır olduğunu dilə gətirdi. Bu çərçivədə təşkilatın regional təlim mərkəzinin təsis edilməsinin əhəmiyyətli addım olduğu vurğulandı”.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin açıqlamasında bildirilir ki, Dövlət Miqrasiya Xidmətində görüş zamanı isə Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında ölkəmizdə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalandı:

“Bildirildi ki, artıq iki ildir bu layihə Dövlət Miqrasiya Xidməti ilə BMT-nin Azərbaycan nümayəndəliyi arasında icra edilir və layihənin məqsədi ölkəmizdə regionun maraqlarına xidmət edən miqrasiya üzrə ixtisaslaşmış, yerli ehtiyaclara uyğunlaşdırılmış, lakin beynəlxalq kurikulum əsasında təlim-tədris keçən miqrasiya sahəsi üzrə mütəxəssislərin hazırlanmasıdır”.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi hesab edir ki, dünyanın 150-dən artıq ölkəsində nümayəndəliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda böyük layihələr həyata keçirməsi ciddi hadisədir.

Teqlər: