Blinkenin zənginin pərdəarxası: ABŞ niyə tələsir?

Blinkenin zənginin pərdəarxası: ABŞ niyə tələsir?

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin İlham Əliyevə telefon zəngi Vaşinqtonun bölgəmizdə maraqlarının olduğunu və bunların reallaşması üçün tələsdiyini göstərir.

Bu sözləri AzerTimes-a ötən gün Entoni Blinken və İlham Əliyev arasında aparılan telefon danışığı barədə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq sülh müqaviləsinin yalnız Azərbaycanın Ermənistandan tələb etdiyi konstitusiya dəyişikliklərinin ediləcəyi təqdirdə imzalanacağını bildirib:

“Fikrimcə, rəsmi Vaşinqton noyabr ayında keçiriləcək prezident seçkilərinədək əsas məsələlərin həll olunması və bunun demokratların aktivinə növbəti xal kimi yazılmasını istəyir. Vaşinqton və Bakının aparılan telefon danışığı ilə bağlı verdiyi məlumat da tərəflər arasında müzakirə edilməli məsələlərin olduğunu təsdiqləyir. Cənab Prezident danışıq zamanı Ermənistan Konstitusiyasını gündəmə gətirməklə əslində sülh üçün rəsmi İrəvana təzyiq edilməsi gərəkdiyinin mesajını verir. Çünki Ermənistanla imzalanacaq sülh müqaviləsi təkmilləşdirilmiş və hərtərəfli sənəd olmalıdır ki, gələcək nəsillərə bununla bağlı hansısa problemlər qalmasın”.

Zaur Məmmədov müəyyən qüvvələrin Minsk Qrupu üzərindən nəyisə dəyişdirməyə ümid etdiyini, buna görə də onun birdəfəlik ləğvinin vacib olduğunu vurğulayıb:

“ABŞ-da hakimiyyət dəyişikliyi olduqdan və Ukrayna müharibəsi nə vaxtsa bitəndən sonra Minsk Qrupu ilə bağlı məsələyə hansı münasibətin formalaşacağını biz bilmirik. Doğrudur, Qarabağ münaqişəsi artıq öz həllini tapıb, amma sabah beynəlxalq səviyyədə nə kimi sürprizlərlə qarşılaşacağımızı təxmin etmirik. Ona görə də İlham Əliyev Minsk Qrupunun və onunla bağlı institutların ləğvinin vacibliyini Blinkenin də diqqətinə çatdırıb. Bütün hallarda Azərbaycan Qərb və Rusiya ilə öz milli maraqlarını əsas tutan münasibətlərini davam etdirir. Dövlətimizin mövqeyi də onlara aydındır”.

Teqlər: