ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun bölgəyə səfəri başlayıb. O əvvəlcə Ermənistanda görüşlər keçirib. Dövlət Departamenti Luis Bononun səfərini ABŞ-ın Ermənistanla Azərbaycan arasındakı vəziyyətin nizamlanması istiqamətində səylərini davamı kimi qiymətləndirib.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Feysbuk hesabında yazıb.
Politoloq qeyd edib ki, görüşlərdə Ağdam-Xankəndi və Laçın yolu mövzuları da müzakirə predmetidir:
“Böyük ehtimalla dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Nyu-Yorkda görüşdürmək istəyir. Blinken Bononu ona görə İrəvan və Bakıya göndərib. BMT Baş Assambleyanın 19-25 sentyabr tarixlərində əsas tədbirləri keçiriləcək. Bu tədbirlər çərçivəsində Entoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşməsi mümkündür. Vaşinqton anlayır ki, indiki şərtlər altında sülh sazişinin imzalanması çətindir. Ancaq Dövlət Departamentində hesab edirlər ki, heç olmazsa intensiv görüşlər vasitəsilə Azərbaycanla Ermənistan arasında yeni toqquşmanın qarşısını ala bilərlər”.