Blinkenin izahatı: Əliyevdən nə xahiş etdi? – Pərdəarxası detal

Blinkenin izahatı: Əliyevdən nə xahiş etdi? – Pərdəarxası detal

ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan lideri İlham Əliyevə 5 apreldə Brüsseldə keçiriləcək görüşlə bağlı zəngini müxtəlif cür adlandırmaq olar: “izahat”, “hesabat”, “Əliyevin qəti addımlarının qarşısını almaq cəhdi” və s.

Bütün hallarda bu zəngin ortaya çıxardığı bir məqam var:

Azərbaycan Brüssel görüşünə dəvət olunmamışdı və bir neçə gün öncə bunun səbəbi haqda Dövlət Departamentinin sözçüsü izahat verməyə məcbur oldu. Səbəb kimi isə görüşün Ermənistanda demokratiyanın inkişafına, iqtisadi islahatlara dəstək üzərində qurulacağı bildirildi.

Dövlət Departamentinə ünvanlanan sual təsadüfən yaranmamışdı. çünki burda Ermənistanın ABŞ və Avropa fondları vasitəsilə “təhlükəsizliyin təmini” adı altında silahlandırılması müzakirəsi vardı; Azərbaycan isə görüşün hazırkı mərhələdə gərginliyi artıracağını bildirərək, təxirə salınmasını tələb edirdi.

ABŞ və AB görüşün sırf iqtisadi “təhlükəsizlik” və yaxud Ermənistanın Rusiyadan iqtisadi asılılığının aradan qaldırılması üzərində qurulduğunu və bu istiqamətdə İrəvana dəstək verildiyini sübut etmək istəyirsə:

– Azərbaycan müşahidəçi kimi bu görüşə niyə dəvət olunmayıb?

– Görüş niyə şəffaf keçirilmir və mümkün sazişlərlə bağlı informasiya verilmir?

– Ermənistanın “iqtisadi diversifikasiyası” – Rusiyadan asılılığının azalmasının arxasında nə dayanır?

– Regionda AB “missiyası” genişlənir, ABŞ da daxil olmaqla, NATO ölkələrinin hərbçiləri təlim məqsədilə Ermənistana yerləşir və bütün bunlar Brüssel sammiti öncəsi sürətlənir.

Və ən mühümü: ABŞ və AB Ermənistanı Rusiyanın iqtisadi asılılığından necə qurtarmaq istəyir?

Ermənistanın bütün enerji strukturları Rusiyanın nəzarətindədir; qaz idxalı baxımından Rusiyadan asılıdır, ölkənini bütün iqtisadiyyatının 70 faizi Rusiyanın nəzarətindədir; Rusiya ilə Ermənistanı iqtisadi-siyasi və hərbi baxımdan bağlayan 200 saziş var; Ermənistanda 5 min rus hərbçisi, 4 min sərhədçi yerləşib və s. və i.a.

Bundan da önəmlisi: Ermənistan “iqtisadi-hərbi diversifikasiya” dedikcə, bu ölkənin Rusiyaya ixracı həndəsi silsilə ilə artır. Bütün dünya yaxşı bilir ki, Ermənistan Avropa, BƏƏ-dən idxal etdiyi məhsulları – bura raketlərdə istifadə olunan çiplər də daxildir – Rusiyaya ixrac edir. Nəticədə Rusiya-Ermənistan arasında ticarət dövriyyəsi 2023-cü ildə heyrətamiz səviyyəyə çatıb – 7,3 milyard dollara.

Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi az qala bütün digər ölkələrlə dövriyyəsinə bərabərdir. Həmçinin Rusiyaya sanksiyalar tətbiq olunandan sonra Ermənistanın bu ölkəyə ixracı ilk dəfə olaraq “müsbət saldo” əldə edib. Yəni Rusiyaya ixrac idxalı üstələyib. Maraqlıdır, neft-qaz da daxil olmaqla, bütün strateji məhsulları Rusiyadan alan Ermənistan hansı ixrac sayəsində “müsbət saldo” əldə edib? Bu ölkə ərikdən başqa nə istehsal edir ki?

Bəlkə Ermənistanda yeni istehsal sahələri yaranıb?

Rəsmi statistikaya görə, Ermənistanda ÜDM-nin 12 faizin üstündə artmasına rəğmən enerji istehlakı 8 faizə yaxın azalıb. Dünyada elə iqtisadiyyat yoxdur ki, özü böyüsün, ancaq enerji istehlakı azalsın. Bu, yalnız Ermənistana aiddir – səbəb də Rusiyaya sanksiyalarda oynadığı roldur. Bura Rusiyanın minlərlə şirkətinin xarici əlaqələrə görə Ermənistanda ofis açmasını, xarici pul köçürmələrini Ermənistan üzərindən etməsini və s. saysız-hesabsız “gəlir mənbələrini” əlavə etsəniz, Ermənistanın bütünlüklə Rusiyadan asılı olduğu üzə çıxacaq.

Yaxşı, sualı bir də təkrarlayaq: ABŞ və AB Ermənistanı iqtisadi baxımdan necə xilas etməyi düşünür?

Bu ölkənin dəniz imkanları yoxdur, bir tərəfində sərhədləri bağlı olan Türkiyə, digər yanında Azərbaycan var. Yalnız Gürcüstan vasitəsilə Qara dənizə çıxa bilər – Gürcüstana da yol Azərbaycan kəndindən – Yuxarı Əskiparadan keçir.

İran yolu da o cümlədən – Arazdəyəndən beynəlxalq magistral Kərkidən keçir – yenə Azərbaycan ərazisindən.

Ermənistan mallarını satmaq üçün Rusiya bazarını “diversifikasiya” etsə, Avropa onları almağa hazırdırmı?

1. Ermənistanın Avropa standartlarında məhsul istehsal etməsinə 40 il var. Əgər doğrudan da o istiqamətdə “maliyyə dəstəyi” gözlənilirsə, bəs, AB-nin ayırdığı 2,6 milyard dollar hara xərclənir? Onun artıq 500 milyonu verilib, 500 milyonu da bu il ödəniləcək. Hansı hissə Avropa standartına uyğun müəssisə qurulmasına xərclənib?

Deyək ki, Ermənistan, erməni deputatların da dediyi kimi, külli miqdarda maliyyə dəstəyi gözləyirlər və bu yardımı sözügedən istiqamətə xərcləyəcəklər; deyək ki, Avropa da qapılarını Ermənistan mallarına açacaq. Bəs, bu məhsullar hansı yolla və necə daşınacaq? Azərbaycanla, Türkiyə ilə kommunikasiya qurulmasa, Ermənistan təyyarə ilə Avropaya ərik göndərəcək?

O ayrı məsələ ki, Avropanın Ermənistan məhsullarına qapı açmasının özü belə olduqca çətin məsələdir. Hazırda işğal altında olan və faktiki 20 ildir “Avropa yolu açılan” Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxmasına imkan verilmir – polşalılar hələ də sərhədi bağlayıblar. Sizcə, AB ölkələrinin ərikyetişdirənləri və yaxud İtaliya, İspaniya şərabçıları erməni əriyi və konyakını intizarla gözləyirlər?

Ermənistanın “iqtisadi diversifikasiyasına” külli miqdarda maliyyə-yardım ayrılarsa, Rusiya prosesi sona qədər izləməyəcək və əlbəttə ki, mütləq iqtisadi təzyiq vasitələrindən istifadə edəcək. İlk növbədə isə “Qazprom” qazı bağlamasa da, Ermənistana satışı beynəlxalq qiymətlərə qaldıracaq. Onda Ermənistana ayrılması gözlənilən illik maksimum “2-3 milyard dəstə” elə Rusiyanın qazının pulunu ödəməyə zorla çatacaq.

Amma Rusiyanın qazı ümumiyyətlə bağlayacağı da istisna deyil. Ermənistan qazı hardan alacaq, İrandan? Avropa Ermənistanı Rusiyanın qucağından alıb, İranın ağuşuna atarmı?

Demək, yenə də Azərbaycana möhtac olacaqlar və bunu açıq şəkildə erməni politoloqlar da deyir ki, İrəvanın xilası Azərbaycan və Türkiyənin əlindədir.

Beləliklə, Blinken məhz ona görə zəng etdi ki, Ermənistanın xilasının İlham Əliyevin əlində olduğunu və ümumiyyətlə, Cənubi Qafqazda Azərbaycansız heç bir addımın mümkün olmadığını bilir, etiraf edir, yardım xahiş edir – ancaq vaxtı keçəndən sonra.

Azərbaycansız heç bir iş görməyin mümkün olmadığını dərk edən supergüc ilk növbədə rəsmi Bakının istəklərini, tələblərini qarşılamalıdır:

1. Bütün fəaliyyət şəffaf olmalıdır – Azərbaycan hansı sazişlər imzalandığını, bunların altında nə dayandığını bilməlidir;

2. Əgər Azərbaycandan yardım xahiş edilirsə, Azərbaycanın da tələbləri və şərtləri var:

– İşğalda olan torpaqlar geri qaytarılmalıdır, sülh sazişi istiqamətində ciddi addımlar atılmalı, heç olmasa, çərçivə sazişi imzalanmalıdır;

– Azərbaycanda yol xahiş edənlər Azərbaycanın yol haqqını da tanımalıdır – Azərbaycanın qərb rayonları ilə naxçıvanı birləşdirən dəhlizə imkan verilməlidir. Buütün dünyada tətbiq olunan təcrübədən istifadə etməklə, Azərbaycan vətəndaşlarının və yüklərinin ölkənini bu başından o başına və əksinə daşınması maneəsiz təmin olunmalıdır və s.

Azərbaycan Cənubi Qafqazın ən qsdrətli ölkəsidir, Cənubi Qafqazda heç bir iqtisadi-siyasi layihə Azərbaycanın iradəsindən kənarda ola bilməz.

Ona görə dünənki telefon danışığında Blinken izahedici, Əliyev isə ittihamedici statusdaydı və bu, əslində regional reallığın təzahürüdür.

Azərbaycan üçün Ermənistanda Rusiya və yaxud NATO bazasının olmasının heç bir fərqi yoxdur; Azərbaycan üçün fərqi olan öz təhlükəsizliyi, milli maraqları, nəqliyyat-kommunikasiya və iqtisadi maraqlarıdır.

Kim bu maraqları təmin etməyə hazırdırsa, Bakıya gələ bilər. Yalnız Bakıdan sonra İrəvana getmək mümkündür…

Teqlər: